“Yay mövsümündə ağaclar həftədə iki dəfə suvarılmalıdır. Suvarma ağacların normal böyüməsini və yüksək məhsuldarlığını təmin edən əsas amillərdəndir. Torpaq tipindən asılı olmayaraq ağaca verilən su torpağı 1-1,5 metr dərinlikdə islatmalıdır".
Unikal.org xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov deyib.
"Ağır gilli torpaqlarda suyun dərin qatlara hopması çətin, yüngül quruluşlu torpaqlarda isə asandır. Buna görə də səmərəli suvarma aparılması üçün torpağın tərkibi haqqında məlumatlı olmaq ilk şərtdir. Yadda saxlamaq lazımdır ki, dayaz suvarma zamanı torpağın ancaq üst şum qatı islanır və ağac normal böyüyə bilmir”.
R.İbrahimovun sözlərinə görə ağac əkilən vaxtdan inkişaf dövrünə qədər sahəyə baxış keçirilməli, əgər ağacın kök boğazı boşalarsa dibi mütləq bərkidilməlidir. Çünki ora hava daxil olar və ağac quruya bilər. Əgər ağacların yarpaqlarında saralma, gövdəsində quruma, kök sistemində zəifləmə müşahidə olunarsa bu zaman ağacın kök sistemini qüvvətləndirən, zərərvericilərə qarşı dərmanlardan istifadə etmək lazımdır.