“Azərbaycan son 16 il ərzində bütün sahələrdə tamamilə yeni islahatlar aparan ölkə kimi tarixin yeni səhifələrinə qədəm qoymuşdur. 2018-ci ildə başlanılmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir”.
Unikal.org xəbər verir ki, bu fikirlər millət vəkili Novruz Aslanova məxsusdur.
Millət vəkilinin sözlərinə görə, aparılan islahatların əsas istiqamətlərindən biri korrupsiya ilə mübarizədir:
“Burada əsas məqsəd vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulmasıdır. Təəssüf ki, bu sahədə əldə edilmiş uğurlarla yanaşı, əhalinin narazılığına səbəb olan neqativ hallar hələ də müşahidə olunmaqdadır. Ən yüksək səviyyədə belə əməllərə son qoyulması tələbi ilə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zərurəti yaranmışdır. Dövlət başçısı Azərbaycan Respublikasının yeni Baş prokurorunu vəzifəyə təyin edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirib.
Bunlarla yanaşı biz daha bir ciddi problemlə üzləşməli olduq. Belə ki, son zamanlar dünya gündəmini zəbt edən koronavirus (COVİD-19) infeksiyası Azərbaycandan da yan keçmədi. Bu problemə dövlət başçısının çevik və sistemli şəkildə yanaşması, bu qlobal problemin Azərbaycanda yarada biləcək ciddi fəsadların təsirinin kifayət qədər azalmasına səbəb oldu. Ümumiyyətlə, bu sahədə bütün hökumət strukturları səfərbər olaraq, xalqımız ilə birgə həmrəylik nümayiş etdirdilər. “Heydər Əliyev Fondu”nun təşkilatçılığı ilə xüsusi karantin rejimində məhdudiyyətlərlə üzləşən vətəndaşlarımıza, yaşı 65-dən yuxarı olan ahıllarımıza evlərində zəruri ərzaq yardımları edildi, sosial xidmətlər göstərildi. Bu çağırışa digər hökumət və qeyri hökumət təşkilatları da qoşularaq belə humanitar aksiyalar keçirdilər.
Təəssüflər olsun ki, xalqımız üçün belə taleyüklü dövrdə bəzi məmurlar öz nəfislərinə yiyəlik edə bilmədilər. Bəzi yerli icra hakimiyyəti orqanlarında, şəhər və qəsəbə üzrə yerli ərazi nümayəndəliklərində aşkarlanmış ciddi qanun pozuntuları bu islahatlara ciddi kölgə sala bilərdi. Cənab Prezident bu məsələlərə çox qətiyyətlə cavab verdi, iradə nümayiş etdirdi. Dövlət Təhlükəsizliyi Xidmətinin bu istiqamətdə apardığı araşdırmalar, mən deyərdim ki, sensasiya yarada bilən nəticələri ortaya qoydu. Kasıbın malına göz tikmək, ona verilən payı mənimsəmək, bu azmış kimi, yerlərdə insanların haqqını tapdalamaq, onlardan haqq almaq, rüşvət tələb etmək, obrazlı şəkildə desək, təmənnasız göstərməli olduğu xidməti xalqa pulla satmaq, həmçinin, dövlət başçısının onlara verdiyi tapşırıq və tövsiyələrə məhəl qoymadan şəxsi maraqlarının əsirinə çevrilmələri, cənab Prezidentin qətiyyətli addımlar atmasını vacib etdi. Belə dağıdıcı icra hakimiyyəti başçıları ifşa edildi, bu işdə əlləri olan ətrafları ilə birgə barələrində ciddi ölçülər götürüldü, həbs olunaraq istindaqa təhvil verildilər”.
Novruz Aslanov bildirib ki, ümumiyyətlə, dövlət idarəçiliyi sistemində bu günün tələblərinə cavab verməyən məmurlar hələ də mövcuddur:
“Bu nəinki yerli icra hakimiyyətlərində, həmçinin mərkəzi icra hakimiyyəti orqanlarında da müşahidə olunur. Artıq yeni münasibətlər, yeni yanaşmalar, yeni düşüncələr dövrünə qədəm qoymuşuq. XXI əsr məntiq dövrüdür, artıq şablon yanaşmalara son qoymağın vaxtı yetişib. Bu gün vəzifəyə yeni təyin olunmuş məmura qarşı tələblər tam fərqlidir. İdarəçilik mexanizmində əsas amil, “İNSAN” faktorudur. Yəni, hər bir məmur öz sahəsinə aid olan fəaliyyətlərdə mütləq şəkildə “insan” faktoruna üstünlük verməlidir. Bu gün əsas tələblərdən biri budur. Hesab edirəm ki, bununla yanaşı hər bir vəzifəli şəxs işini səffaf qurmalı, yerlərdə əhali arasında olmalı, ünsiyyət qurmağı bacarmalı, mədəni davranmalı, vicdanlı, peşəkar olmalı və üst qurumlara vaxtlı-vaxtında müvafiq hesabatlar verməlidir.
Əminəm ki, ciddi qüsurlara yol verən məmurlara qarşı münasibət birmənalı şəkildə qətiyyətli olacaq, dövlət belə məmurlarla yollarını ayıracaq. İstər yerli, istərsə də mərkəzi icra hakimiyyəti orqanlarında kadr islahatları bundan sonra da davam edəcək. Dövlətin bütün sahələrdə sistemli şəkildə hayata keçirdiyi islahatlar davamlıdır, buna mane yaratmaq istəyən cəhdlərə qarşı ciddi tədbirlər görüləcək, səbəbkarlar cəzalandırılacaqdır. Cənab Prezident iradə ortaya qoyub və xalq da onu tam olaraq dəstəkləyir, bunun qarşısını heç bir qüvvə ala bilməz”.