Bakının Nərimanov rayonunun Əliyar Əliyev küçəsində yenidənqurma işlərinə başlanılıb.
Unikal.org bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, əsas məqsəd, yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması və piyada əlçatanlığının təmin olunmasıdır.
Layihənin icrası zamanı həyata keçiriləcək dəyişikliklər aşağıdakılardır:
- “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin önündəki mövcud dairə ləğv edilərək yeni nəqliyyat adacığı inşa olunacaq;
- Yeni “cib” tipli parklanma yerləri yaradılacaq;
- Eyni səviyyəli piyada keçidlərinin önündə xüsusi çıxıntılar inşa olunacaq;
- Əliyar Əliyev küçəsindən Təbriz küçəsinə dönmək istəyən nəqliyyat vasitələri üçün əlavə sola dönmə zolağı təşkil ediləcək;
- Avtobus dayanacaq məntəqələrinin yerləri optimallaşdırılaraq yeni dayanacaq pavilyonları quraşdırılacaq;
- Ziya Bünyadov prospekti ilə kəsişmədə dairə ləğv edilərək, “Çermet körpüsü”nün altında hərəkət bir istiqamətli təşkil ediləcək. Bunun sayəsində hərəkətin təhlükəsizliyi artacaq.