Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin  yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri və ətraf qəsəbələrdə yenidən qurulan avtomobil yollarında yeni infrastrukturlar yaradılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə razılaşdırılmış qrafikə uyğun olaraq hazırda paytaxtın 5 rayonu üzrə 9 ünvanda infrastrukturun yenilənməsi və yeni sistemlərin yaradılması işləri davam etdirilir. 

Unikal.org xəbər verir ki, Bakı şəhəri Xətai rayonu Mehdi Mehdizadə küçəsində yeni magistral su kəməri inşa edilir. Bu ərazinin içməli su təchizatı ötən əsrin 50-cı illərində tikilmiş 450 mm diametrli çüqun xətlə aparılıb. Magistral xətt uzun illər fəaliyyətdə olduğundan normal su təchizatını aparmağa imkan vermirdi. Üstəlik son illər ərazidə yeni çoxmərtəbəli binaların tikintisi içməli suya tələbatı artırıb. “+41 Şərq” su anbarından qidalanan xəttin böyük hissəsi ötən müddətdə yenilənib. Hazırda kəmərin Mehdi Mehdizadə hissəsindən keçən sonuncu hissəsi dəyişdirilir. Burada 425 mm diametrli polietilen borularla 1 km uzunluğunda magistral xətt çəkilir. Magistral kəmərdən ətraf ərazilərə müxtəlif diametrli borularla çıxışlar veriləcək. Birləşmə işləri tam başa çatdıqdan sonra köhnə xətlə suyun verilişi dayandırılacaq. 

Yasamal rayonu 20 yanvar dairəsi ətrafında yol infrastrukturunun yenilənməsi ilə əlaqədar Müzəffər Həsənov küçəsindən  keçən və istismar tələblərinə cavab verməyən kanalizasiya xətti də yenilənir. Bu məqsədlə 300 mm diametrli polietilen borularla yeni tullantı su xətti çəkilir. Kollektor üzərində baxış quyuları inşa edilir. 

Avtomobil yollarının yenidən qurulması ilə əlaqədar Xətai rayonunda Əbilov, Admiral Naximov, Nərimanov rayonunda Müzəffər Nərimanov küçələrində, eləcə də Xəzər, Sabunçu və Abşeron rayonlarının bəzi qəsəbələrində içməli və tullantı su xətlərinin tikintisi aparılır.  

Ümumilikdə, Bakı şəhərində avtomobil yollarının yenidən qurulması ilə əlaqədar icra olunan layihələr çərçivəsində 25 km-dən artıq su və kanalizasiya xətləri inşa ediləcək.

nfrastrukturların yenilənməsi işləri yekunlaşdıqdan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən asfalt örtüyünün bərpası işləri aparılacaq.