Karantin rejimi ilə əlaqədar 600 min şəxsə aprel ayı üzrə 190 manatlıq yardım verildi. Bu gündən isə birdəfəlik ödəmənin ikinci ay üçün ödənişlərinin verilməsinə başlanılıb. Proses bu dəfə necə təşkil olunacaq? Vətəndaşlar ödənişi necə alacaq?
Unikal.org xəbər verir ki, vətəndaşlar aprel ayı üzrə 190 manatlıq birdəfəlik ödəməni poçt mərkəzlərindən və iki bankın filiallarından nağd qaydada aldılar. Lakin ölkə başçısının tapşırığı ilə ikinci ay üçün ödəniş bank kartları vasitəsilə həyata keçiriləcək.
Bunun üçün bütün banklar bu prosesə səfərbər olunublar. Vətəndaşlara ilk olaraq bank hesabları açılır, kartlar hazırlanır və daha sonra həmin şəxslərə sms göndərilir ki, vətəndaş öz kartını hansı bankın hansı filialından əldə edə bilər. Bununla paralel olaraq bu gündən vətəndaşlara may ayının ödənişlərinin verilməsinə başlanılır.
Bank kartlarını hələ də almayan vətəndaşlara isə bir müddət gözləmək tövsiyə olunur. Onlara bu barədə məlumat veriləcək.
Hələ də bank kartlarını almayan vətəndaşlar var, onlara söyləyək ki, banklar tərəfindən onların hesabları açıldıqdan və kartları hazır olduqdan sonra bildiriş göndəriləcək, daha sonra vətəndaş öz kartını gedib əldə edəcək və növbəti günlərdə isə həmin şəxslərin vəsaitləri əldə etdikləri bank kartlarına köçürüləcək.
Qeyd edək ki, ödənişlərin may ayının sonuna qədər bütün kartlara köçürülməsi planlaşdırılır.