“Yeni növ koronavirus pandemiyasının iqtisadiyyata vurduğu zərərin aradan qaldırılması üçün dövlətin özəl sektora dəstəyi bu sfera təmsilçilərinə fəaliyyətlərinə yenidən baxmaq, dəyişikliklər etmək və biznes prosesini maksimum şəkildə qanuni müstəviyə keçirmək üçün yaxşı imkanlar yaradır. Hər bir böhran həm də yeni fürsətdir. Postpandemiya mərhələsinə qədəm qoyduğumuz dövrdə milli sahibkarlarımız dövlətin yaratdığı bu şəraitdən bacardıqca yararlanmalıdırlar”.
Bu sözləri Unikal.org-a pandemiya dövründən sonrakı iqtisadi münasibətləri şərh edərkən Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.
Millət vəkilinin sözlərinə görə, tətbiq olunan sərt karantin rejimində şəffaf iqtisadiyyatın vacibliyi bütün qabarıqlığı ilə özünü büruzə verdi:
“Xatırlayırsınızsa, hökumətin elan etdiyi dəstək proqramlarında sahibkarlıq subyektinin öz işçiləri ilə və dövlətlə münasibətlərinin şəffaflığı və qanuniliyi başlıca tələb olaraq irəli sürülmüşdü. Prinsipcə, başqa cür ola da bilməzdi. Əgər sən dövlətdən gəlirini gizlədirsənsə, yaxud işçini müqaviləsiz işlədirsənsə, dövlət sənə necə və hansı əsaslarla yardım edə bilər?”
E.Allahverdiyev hesab edir ki, hökumət xeyli müddətdir özəl sektoru fəaliyyətini ağartmağa dəvət edir və bu dövr sahibkarların biznes proseslərini qanuni müstəviyə keçirmələri üçün kifayət idi. Buna baxmayaraq, pandemiya nəticəsində meydana çıxmış sıxıntılar göstərdi ki, heç də hamı bu tələb və dəvətə riayət etməyib.
“Belə bir faktı xatırlayaq. Özəl sektorun fəaliyyətinin şəffaflaşdırılması nəticəsində tək bu ilin ilk rübünün göstəricilərinə əsasən, dövlət büdcəsinə plandan artıq olaraq 200 milyon manatadək əlavə vəsait daxil olub. Əgər biz qeyri-neft sektorunun inkişafından danışırıqsa, büdcənin gəlirlərinin strukturunda qeyri-neft sektorunun üstün olmasını istəyiriksə, büdcəmizin enerji daşıyıcılarının ixracından asılılığını minimuma endirməyə çalışırıqsa, anlamalıyıq ki, iqtisadiyyatın bütün sahələrində ilkin vəzifəmiz qanuniliyə və şəffaflığa riayət etmək olmalıdır”, - deyə E.Allahverdiyev vurğulayıb.
Milli Məclisin deputatı sahibkarları pandemiya dövründə Prezident İlham Əliyevin iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirələrdə səsləndirdiyi tələblərə diqqət yetirməyi tövsiyə edir. “Kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, iqtisadiyyatın şəffaflaşdırılması, qeyri-formal məşğulluqla mübarizə, əmək müqavilələrinin bağlanması kimi mühüm məsələlər aprelin 17-də Prezident İlham Əliyevin İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirləri ilə videobağlantı formatında keçirdiyi iclasda xüsusilə səsləndirilib.
“Cənab Prezident bildirdi ki, bu tələblərə cavab verməyənlərə, hansısa yollarla qanuni münasibətlərdən yan keçməyə cəhd edənlərə, işində şəffaflıqdan qaçanlara qarşı sərt tədbirlər görüləcək və heç kimə heç bir güzəşt edilməyəcək. Çünki dövlət belə subyektlərə xeyli müddətdir fəaliyyətlərini qanuni əsasda qurmağa vaxt verib. Pandemiya dövrü isə göstərdi ki, şəffaf iqtisadiyyat dövlətlə bərabər həmin özəl sektor təmsilçilərinə də lazımdır ki, çətin vəziyyətə düşəndə onlara ediləcək yardımdan yararlana bilsinlər. Biz anlamalıyıq ki, “kölgə iqtisadiyyatı”na son verməklə dövlətə kömək etmiş oluruq. Dövlət varlandıqca, vətəndaşın da rifah halı yüksəlir. Gəlirlə işləyən özəl sektor isə sosial durumu yüksək olan vətəndaş deməkdir. İqtisadiyyatın şəffaflaşdırılması postpandemiya dövrünün əsas trendi olmalıdır”, - deyə millət vəkili bildirib.