Hər il 23 may Azərbaycanda ekoloqlar günü kimi qeyd edilir.
Unikal.org bu münasibətlə veteran ekoloq Sədaqət Məmmədovadan müsahibə alıb.
Azərbaycanda Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin Qorunması və İnkişafı Departamentinə uzun illlər rəhbərlik edən Sədaqət Məmmədova ölkəmizdə milli parkların yaradılmasında böyük əməyi olan mütəxəssisdir. Bu mənada onun iş təcrübəsi, keçdiyi həyat yolu, bəzi ilklərə imza atması bu gün üçün də maraq kəsb edir:
“Nazirlik yaradıldıqdan sonra Ulu Öndərin qayğısı və diqqəti nəticəsində ölkədə bir çox ekoloji məsələlər öz həllini tapdı. Azərbaycan zəngin biomüxtəlifliyə malik olduğuna görə, 8-10 milli parkın yaradılması əsas məqsəd kimi qarşımıza qoyuldu. Ekoloqların gərgin əməyi, alimlərimizin birgə səyi nəticəsində 2003-ci ildə Azərbaycan Respublikasının ilk milli parkı olan akademik Həsən Əliyev adına Ordubad Milli Parkı, sonra, həmin ildə daha iki - Ağgöl və Şirvan Milli Parkları yaradıldı. Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə daha 10 milli park formalaşdırılıb. Bu milli parkların yaradılmasında əsas məqsəd zəngin təbiətimizi qorumaqla yanaşı, turistləri bu yerlərə cəlb etmək idi. Hesab edirəm ki, dövlətimizin biz ekoloqların qarşısına qoyduğu tapşırıqları yerinə yetirə bildik”.
S.Məmmədova 10 milli parkdan 9-nun açılışında şəxsən özünün iştirak etdiyini deyir:
“2003-cü ildə Ağgöl Milli Parkı və Şirvan Milli Parklarının açılış mərasimlərində prezidentin də iştirakı gözlənilirdi. Bu sahədə rəhbər şəxs kimi çalışdığım üçün parklar haqqında ilk məlumatı mən ölkə başçısına verəcəkdim. Çox həyacanlı idim. İlham Əliyev açılış mərasimində məni bu gərginlikdən çıxardı. O, mənimlə o qədər səmimi danışdı ki, çox sərbəst şəkildə fikirlərimi ifadə edə bildim. Cənab prezident Şirvan Milli Parkının açılışında ceyranlar haqqında mənə sual verdi. Daha sonra bildirdi ki, burada daha hansı nadir heyvan növləri var? Bunlar barədə elə soruşurdu ki, mən rahatlıqla məlumat verə bildim”.
Veteran ekoloq 2000-ci ilin əvvələrindən başlanan və bu gün üçün də aktual olan Abşeron yarımadasının torpaqlarının təmizlənməsi və yaşıllıq zolaqlarının salınması proseslərini də xatırlayıb:
“O vaxt da ölkə başçısı bu istiqamətdə biz ekoloqların qarşısına ciddi tələblər qoymuşdu. Bu tələblərin həyata keçirilməsi üçün gecə-gündüz işləmək lazım idi. Keçmiş Binə və Sədərək ticarət mərkəzlərinin ərazisində neft, tikinti və məişət tullantıları ilə çirklənmış 100 hektarda torpaqlar təmizləndi, dərələr dolduruldu və ərazilərə minlərlə zeytun, Eldar şamı, Sərv, Oleandr, Akasiya və s. cinsi qiymətli ağac və kol bitkiləri əkildi.
Yaşıllıqlar salınandan sonra bu ərazidə yeni biomühit formalaşıb, ərazinin landşaftı dəyişib, göz oxşayan mənzərə yaranıb. Hər zaman Zığ-Heydər Əliyev Hava Limanı magistral avtomobil yolundan keçəndə veteran ekoloq kimi, özümlə fəxr edirəm. Fəxr edirəm ki, ölkə başçısının qayğısı nəticəsində bu işlərin həyata keçirilməsində mənim və biz ekoloqların da əməyi var”.
Bayram ərəfəsində bir daha ekoloqları səmimi qəlbdən təbrik edir, işlərində uğurlar arzulayıram. Bir neçə ildir ki artıq təqaüddəyəm ancaq hər dəfə onların uğurlarını gördükdə sevinirəm.
Gülayə Məcid