Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah, döyüş sursatı daşımaqda şübhəli bilinən 1977-ci il təvəllüdlü, Sabunuçu rayonu, Nardaran qəsəbə sakini Samir Babayev müəyyən olunaraq saxlanılıb. 

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik) maddələrlə məhkum olunan şübhəli şəxsin üzərinə baxış zamanı 1 ədəd “Rovolver” (Naqan) markalı atəşə yararlı tapança, 6 ədəd həmin silaha məxsus patron aşkar edilərək götürülüb. 

Saxlanılan şəxs silah-sursatın ona baba yadigarı olduğunu bildirməklə, polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib. Bir-birinə zidd ifadələr verən Samir Babayev sonda silahı satmaq üçün müştəri axtardığını bildirib.

Faktla bağlı başlanmış cinayət işi şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.