Mayın 15-də AMEA Rəyasət Heyətinin növbəti onlayn iclası keçirilib.
Unikal.org xəbər verir ki, tədbiri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) fəaliyyətinə dair bir sıra məsələlərin iclasda müzakirə olunacağını diqqətə çatdırıb. Akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkının ölkəmizdə elmin kommersiyalaşdırılması və texnologiyaların transferi istiqamətində xüsusi rola malik olduğunu deyib.
Sonra YT Parkın direktoru, akademik Əli Abbasov AMEA Yüksək Texnologiyalar Parkının mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair təqdimatla çıxış edib. Yüksək texnologiyaların innovasiya və iqtisadiyyatda tətbiqinin vacibliyindən söz açan Əli Abbasov vurğulayıb ki, parkın inkişaf perspektivləri ilə bağlı nəzərdə tutulan layihələrin yüksək dinamikasının təmin edilməsinin əsas yolu elmi tədqiqat və təcrübə konstruktor işlərinin multidissiplinar yanaşma əsasında və məqsədyönlü innovasiya proqramları daxilində tətbiq edilməsidir. Hazırda MDB ölkələrində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkları, onların investisiya mənbələri, rezidentləri və həyata keçirdikləri innovativ layihələr barədə məlumat verən akademik diqqətə çatdırıb ki, bu istiqamətdə uğur əldə etmək üçün milli kadr potensialına, perspektivli mühitə və maliyyə resurslarına ehtiyac var.
Akademik Əli Abbasov, həmçinin müxtəlif dövlət şirkətlərinin YT Parkın rezidentliyinə qəbul edilməsi, ali təhsil müəssisələrilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, YT Parkın İnvestisiya Fondunun yaradılması, rəqəmsal xidmətlərin genişləndirilməsi, intellektual məhsulların reyestrinin formalaşdırılması, innovasiya ekosisteminin sağlamlaşdırılması məqsədilə uyğun qanunvericilik bazasının hazırlanması, parkın inkubasiya fəaliyyətinin bərpa edilməsi, o cümlədən dövlət təşkilatları və AMEA-nın institutlarının birgə iştirakı ilə yeni müəssisələrin təsis edilməsi və s. istiqamətlərdə müvafiq təkliflər səsləndirib. O, gələcək inkişaf perspektivində nəzərdə tutulan müddəaların həyata keçirilməsinin YT Parkın iqtisadi və intellektual potensialının inkişafına, AMEA-nın büdcədənkənar vəsaitlərinin artmasına, yerli və xarici investorların ölkəyə cəlbinə təkan verəcəyini söyləyib.