"Milli Şuranın Koordinasiya Mərkəzindəki müzakirələr bu qurumun bəyan etdiyi demokratik dəyərlərə hörmətlə yanaşmadığını, ölkənin digər müxalifət partiyalarına qarşı böhtan kampaniyası və nifrət təbliğatı apardığını təsdiq etdi".
Unikal.org xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün facebook profilində yazıb.
O bildirib ki, Müsavat Partiyasına qarşı təşkil edilən və böhtan olduğu araşdırma, istintaq və məhkəmələr tərəfindən çoxdan təsdiq edilmiş ən iyrənc kampaniyanın da mənbələrindən birinin Milli Şura, ən azı Milli Şuranın bəzi rəhbər şəxsləri olduğu üzə çıxdı:
“Lent yazısının özündə yayımın kim tərəfindən təşkil olunduğu aydın deyildikdən sonra da burada kibercinayət simulyasiyası çox gülünc görünür. Gizli yayım olsaydı belə, demokrat, çoxpartiyalı sistemin, azad rəqabət şəraitinin tərəfdarı olan heç kəs, hətta yuxusunda da şovinizm, ksenofobiya, rasizm təbliğatı aparmaz, Hitlerin uğursuzluqlarına təəssüflənməz, kütləvi qırğını təbliğ etməz, rəqib hesab etdiklərinə böhtan atmaz.
Milli Şura rəhbərliyinin davranışlarına görə təhqir etdikləri bəzi tərəflərdən üzr istəmələrinə müsbət yanaşıram. İnanmaq istəyirəm ki, onların, xususilə Milli Şura sədrinin Müsavat Partiyasına qarşı hörmətsiz davranışlara və böhtanlara görə üzr istəməyə siyasi iradəsi çatacaq”.
Partiya sədri Milli Şuradan çıxmaları barədə də yazıb:
“Dəfələrlə və aydın izah etsək də, zaman-zaman bizdən Milli Şuradan niyə çıxdığımızı soruşurdular. Bu qurumu təsis edən əksər təşkilatların hələ Müsavatdan əvvəl Milli Şuradan çıxması, fəxri sədrin Krımı Rusiya torpağı adlandırması, "Ramiz Mehdiyev və Əli Həsənov məni müxalifət kimi təqim etmişdi", deməsi, bu qurumun bəzi rəhbər şəxslərinin fərqli ideologiyalara xidmət edən təşkilatlarda təmsil olunması bu sualı bizə ünvanlayanları cavab kimi qane etmirdi. Bu suala daha aydın cavab Milli Şuranın toplantısından, bizə təkrar-təkrar, "Müsavatsız Milli Şura susuz dəyirman kimidir"- deyən Milli Şura sədrinin özündən gəldi”, - Arif Hacılı əlavə edib.