Əhalisinin sayı 10 milyon olan ölkələr arasında COVID-19-dan ən az ölüm faktı Azərbaycanda qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə məlumat “Worldometers”in statistik məlumatında qeyd olunub.
Belə ki, bütün dünya ölkələri arasında koronavirus pandemiyası ilə əlaqədar mövcud vəziyyətin statistikası aparılıb.
Əhalisinin sayı 10 milyona bərabər olan ölkələrdən Çexiyada 295, Dominikan Respublikasıda 424, Yunanıstanda 160, Portuqaliyada 1190, İsveçdə 3646 nəfər COVID-19-un qurbanı olub. Bu ölkələrlə müqayisədə Azərbaycanda COVID-19 infeksiyasından ölənlərin ümumi sayı 36 nəfərdir.
Statistik nəticələr göstərir ki, bu gün Azərbaycanda aktiv COVID-19 xəstələrinin sayı 1058, kritik vəziyyətdə olanların sayı isə 37 nəfərdir. Orta hesabla ölkə əhalisinin hər bir milyon nəfərinə düşən yoluxma sayı 294, ölüm faktı isə dörddür.
Bu göstəricilər digər ölkələrdə qat-qat yüksəkdir. Dominikan Respublikasında orta hesabla əhalinin hər bir milyon nəfərindən 1084-ü koronavirusa yoluxur, 39-u ölür. Çexiyada hər bir milyon nəfərə 785 yoluxma, 28 ölüm, Yunanıstanda 269 yoluxma, 15 ölüm, Portuqaliyada 2824 yoluxma, 118 ölüm, İsveçdə isə 2894 yoluxma, 361 ölüm düşür.
Ümumilikdə, ölkədə COVID-19-a qarşı 220 363 test aparılıb. Bütün bunlar digər ölkələrlə müqayisədə kifayət qədər yaxşı göstəricidir.
Xatırladaq ki, Azərbaycanda 2980 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. 1886 nəfər isə COVID-19-dan sağalıb.