Müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələrdə iştirakını təsdiq etməyən namizədlər üçün yenidən şans yaradılır.
Təhsil Nazirliyindən Unikal.org-a verilən məlumata görə, həmin namizədlər şəxsi səhifələrində yerləşdirilmiş təlimatla tanış olaraq mayın 19-u saat 18:00-dək müsahibədə iştirakını təsdiq edə bilər.
Qeyd edək ki, mayın 20-də dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibələr yekunlaşacaq. On gündür davam edən müsahibələrdə 1000-ə yaxın namizəd iştirak edib.
Mayın 4-dən start verilən müsahibələrdə ilkin olaraq Bakı şəhərinin ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlər iştirak edib. Mayın 7-dən etibarən isə digər şəhər və rayonlar üzrə ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə çalışan müəllimlər onlayn müsahibələrə qoşulub.