Hər il 23 may Azərbaycanda ekoloqlar günü kimi qeyd edilir. 

Unikal.org bu münasibətlə AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədovdan münasibət öyrənib. Görkəmli alim ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsindən, insanların təbii mühitə münasibətinin dəyişməli olduğundan söz açıb. 

O hesab edir ki, Prezident İlham Əliyevin ekoloji mühitin sağlamlaşdırılmasına, ətraf mühitin mühafizəsinə göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə ekoloji vəziyyət getdikcə yaxşılaşmaqdadır: 
 
"Xəzər dənizinin Abşeron yarımadası hissəsində vacib ekoloji layihələrin icrası ən önəmli məsələlərdəndir.  Bibiheybət neft yataqları ərazisində indiki ilə əvvəlki vəziyyəti gözümüzün önünə gətirsək, ciddi fərqliliyin şahidi olmaq olar. Əvvəllər bura neft tullantılarının olduğu ərazi idisə, hazırda burda insanların istirahəti üçün meşə-park salınıb. Yaxud Hava Limanı yolu, Zığ şossesinin ətrafı müqayisə olunmaz dərəcədə dəyişib, yaşıl zonaya çevrilib. 

Azərbaycanda dövlət başçısının   ekoloji məsələlərə,  ağac əkilməsinə, yaşıllıqların artırılmasına xüsusi diqqət yetirməsi ölkənin bu gününə və gələcəyinə hesablanan uğurlu bir strategeyadır.  Əsas diqqət çəkən məqam isə odur ki, əkilən ağaclar bir vaxtlar quraqlıq və şoranlıqdan ibarət olan ərazilərdə əkilib. Əvvəllər, rayonlara gedəndə quraq torpaqlar görürdüksə, indi göz oxşayan yaşıllıqların şahidi oluruq. Yaşıllıq salınan ərazilərin əksəriyyətində damcılı suvarma sistemi çəkilib ki, bu da suya qənaət olunması və ağacların tez bir zamanda böyüməsinə şərait yaradır. 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi işinin dəyəri isə ölçüyəgəlməzdir.  Bütün sadaladığımız bu işlərin böyük hissəsi ekoloqlarımızın və təbiətsevərlərin əməyi sayəsində baş verib.

Təkcə son illərdə Bakı və regionlarda görülən ekoloji tədbirlərlə bağlı çox danışmaq olar. Ümumiyətlə bu sahədə icra olunan bütün layihələrin hamısının müsbət nəticələri var. Azərbaycan ətraf mühitə qayğıkeş münasibətinə görə inkişaf etmiş ölkələr sırasına daxildir. Bütün ekoloqlarımızı və təbiətsevərləri 23 may ekoloqlar günü münasibətlə təbrik edirəm”.

Coğrafiyaşünas alim vətəndaş olaraq da hər birimizin təbiət qarşısında məsuliyyətini önə çəkib:

"Cənab prezidentin 2010-cu ili ölkədə “Ekologiya ili” elan etməsi ilə insanların ekoloji məsələlərə həssaslığı daha da artdı, maarifləndirmənin, təbliğatın əhəmiyyətini vətəndaşlara anlatdı, deyə bilərəm. Birmənalı şəkildə hər kəs bilməlidir ki, təbiət qorunmasa, hər şey məhvə doğru gedəcək. Ətraf mühitin zənginliyi, biomüxtəlifliyi, təbiətin rəngarəngliyi, bütün bunlar insan həyatı üçün vacib amildir. Əgər bunun əksi olarsa,  insan üçün yaşamaq çox çətin olar. Bu baxımdan təbiətin mühafizəsi hər bir ölkə vətəndaşının,  bəşəriyyətin əsas vəzifəsi olmalıdır".

Gülayə Məcid