Balakən rayonunda dələduzluq faktı barədə polisə məlumat daxil olub.

Unikal.org xəbər verir ki, rayonun Hənifə kəndindən olan 30 ailə hüquq-mühafizə orqanlarına müraciət edərək bildiriblər ki, rayonun Talalar kənd sakini Məmmədov Fərhad Vahid oğlu onları aldadıb külli miqdarda pulunu mənimsəyib.

Belə ki, F.Məmmədov kənd sakinlərini aldadaraq onlara "Simental" cinsli iribuynuzlu heyvanların dövlət xətti ilə ucuz qiymətə verəcəyini bildirib. Uzun müddət keçməsinə baxmayaraq həmin şəxs nə həmin heyvanları gətirib, nə də ailələrdən aldığı pulları qaytarıb.

Həmçinin rayonun Postbinə kənd sakini Ruslan Hüseynov da polisə müraciət edərək həmin şəxs tərəfindən eyni üsulla aldadıldığını bildirib.

Faktla bağlı Balakən rayon Polis Şöbəsi araşdırmalara başlayıb.