Sabirabad rayon prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qəsdən adam öldürməyə cəhd cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs tutulub.

Sabirabad rayon Prokurorluğundan Unikal.org-a verilən məlumata görə, mayın 19-da Sabirabad şəhərinin H.Əliyev prospektində yerləşən ərzaq mağazasında satıcı işləyən Saatlı rayon sakini Aygül Şərbətovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilmişdir.

İlkin araşdırmalarla Saatlı rayonu, Novruzlu kənd sakini Fəxrəddin Əhmədovun tanışı A.Şərbətovanı qısqanclıq zəminində qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

F.Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmiş, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf etmiş və səmimi peşman olmasını bildirmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.