Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə xüsusi karantin rejimi dövründə müvafiq tədbirlərin icrası üzrə ictimai iaşə müəssisələri və ərzaq satışı obyektlərində nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən Unikal.org-a verilən məlumata görə, növbəti nəzarət tədbirləri çərçivəsində paytaxtda yerləşən “Neptun", “Rahat” marketlər şəbəkəsi və digər ərzaq mağazalarına baxış keçirilib. Monitorinqlər zamanı qida məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektlərinin termiki emal olunmadan və xüsusi təmizlənmədən keçmədən istifadə olunan qida məhsullarının uyğun yerlərdə saxlanılması, bu məhsulların alıcılara xüsusi geyimli market əməkdaşları tərəfindən təqdim olunması ilə bağlı verilən tövsiyələrə əməl etməsi yoxlanılıb.

Eyni zamanda bu sahədə AQTA tərəfindən hazırlanaraq sahibkarlıq subyektlərinə təqdim edilmiş metodiki göstərişlərdə nəzərdə tutulan qaydaların icrasına nəzarət həyata keçirilib.

Agentlik ərzaq məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərini koronavirusla bağlı tətbiq olunmuş xüsusi rejimə əməl etməyə, istehlakçıların hüquqlarının və sağlamlığının qorunması məqsədilə təqdim olunmuş metodiki göstərişlərdə nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməyə çağırır.