Rusiyanın Sankt-Peterburq şəhərində şirkət rəhbəri 33 yaşlı Azərbayan vətəndaşını qətlə yetirib.
Unikal.org xəbər verir ki, hadisə şəhərin Vıborq rayonunda baş verib.
Ötən gün mayın 23-də kommersiya firmasının direktoru “Təcili yardım”a zəng vurub və xəbər verib ki, onun Asafyev küçəsindəki mənzilində bıçaqla öldürülmüş kişi meyiti var. Tibb işçiləri ilə birlikdə hadisə yerinə polislər də gəlib. Mənzildə Azərbaycan vətəndaşının döş qəfəsində kəsilmiş-deşilmiş yaralar, başında şiş olan meyiti aşkarlanıb.
Həmin gün biznesmen qətli törətdiyini etiraf edib. Tikinti-montaj fəaliyyəti ilə məşğul olan firmanın rəhbəri deyib ki, az əvvəl mənzilində qəfildən başlamış mübahisə zəminində azərbaycanlını qətlə yetirib. Müstəntiqlər qətlə yetirilən şəxsin dişlərinin sındırıldığını da müəyyən ediblər və hadisə yerindən onun 7 sınmış dişini, habelə cinayətdə istifadə olunan bıçağı tapıblar.
Xəbər verilir ki, hadisəni törədən biznesmen 2000-ci ildə qanunsuz silah-sursat saxlamağa görə cinayət məsuliyyətinə cəlb olunub, lakin onun barəsində işə xitam verilib. 2020-ci ilin martında isə direktordan oğurluq işi üzrə cinayət işi çərçivəsində başqa yerə getməmək barədə iltizam alınıb. (Virtualaz.org)