Xəbər veriyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarına görə, martın 24-dən Azərbaycanda xüsusi karantin rejimi elan olunub.
İyunun 1-dən etibarən isə açıq havada idman yarışlarının təşkilinə icazə verilib.
Unikal.org "Karantin dövrü idmançılarımıza necə təsir edib?" sualını məşhur idmançılarımıza ünvanlayıb:
Yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı və dünya çempionu Rəsul Çunayev:
"Çalışıram maraqlı məlumatlar oxuyum, formamı qoruyum. Düzdür karantin bütün dünyanı təsiri altına alıb. Eləcə də bütün idmançıları...
Amma düşünmürəm ki, mənim idmançı formama mənfi təsir edib. Əksinə zədələrim vardı. Bu müddət ərzində zədələrimi də müəyyən qədər bərpa etdim. Düzdür zədələrim tam sağalmayıb.
Onu da bildirim ki, güləş zalları, yarışlar üçün çox darıxmışam. Çalışıram gündə ən az bir dəfə məşq edim".
Cüdo üzrə ikiqat paralimpiya, dəfələrlə dünya və Avropa Çempionu İlham Zəkiyev:
"Ev şəraitində öz üzərimizdə işləyirdim, idmandan kənarda qalmamağa çalışırdım. Formamı saxlayıram ki, sabah pandemiya dövrü başa çatdıqda, açılan idman zallarına sıfır vəziyyətdə getməyim.
Karantin bütün dünyaya durğunluq saldı. Bu qədər durğunluq, fasilə nə məndə, nə də heç bir idmançıda olmamışdı. Hamımızın məqsədi Yay Olimpiya Oyunlarıdır. Yaxşı ki, olimpiya oyunlarını 2021-ci ilə qədər təxirə saldılar. Bu il keçirilsə idmançılara qarşı ədalətsizlik olardı. Çünki ev şəraitində məşq etməklə belə bir mötəbər yarışa hazır çıxmaq mümkün deyil.
Yarışlar, mütəmadi məşqlər üçün darıxmışıq. İnşallah xeyrlisi olsun".
Kikboks üzrə dəfələrlə Dünya və Avropa çempionu Eduard Məmmədov:
"Daxili İşlər Nazirliyinin əməkdaşı kimi səhərlər iş başında oluram. Düzdür, ev şəraitində çətin olsa da, işdən sonra idmanla məşğul olurdum. İdman zallarının bağlı olması da təmiz havada kross qaçıram. Qantellər, turnik və digər fiziki hazırlıqla məşğulam. İndi yavaş-yavaş formaya düşürəm.
Düzdür, ciddi karantin rejimi elan olunan zaman evdə məşq edərkən müəyyən dərəcədə çətinlik çəkirdim. Yenə də çalışırdım ki, idmanımdan qalmayım, müəyyən hərəkətləri edirdim. Amma özüm istəməyərək çəkim 4-5 kq artmışdı. Çünki ev şəraitində edilən idmanla çox tər atmaq olmur, çəkimiz də bir o qədər düşmürdü. Hazırda bayırda etdiyim fiziki hazırlıqlara görə, çəkim nisbətən normaya qayıdır. Yay gəldiyi üçün bayırda məşq etmək daha rahat olacaq. Buna görə də çalışıram ki əvvəlki formamı yığım. Çünki qarşıda pandemiyadan sonra güclü yarışlar bizi gözləyir".
Sərbəst güləş üzrə dəfələrlə dünya və Avropa çempionu Hacı Əliyev:
"Karantin rejimində hamı necə xəstəlikdən qorunubsa, biz də elə etmişik. Mən bağda qaldığım üçün dəniz kənarında kross qaçmaqla, fiziki məşqlərlə formamı qorumağa çalışmışam. Təəssüf ki, güləşə aid məşqlər edə bilməmişəm.
Əlbəttə, peşəkar idmançıya da bu təsir edir. Çünki komanda şəklində bir yerdə deyilik, əsas məşqlərdən kənar qalmışıq. Bu da bizim sürətimizə, güləşə təsirsiz ötüşmür. Çalışıram ki, ən az gündə bir dəfə məşq edim. Allah bütün millətimizə, xalqımıza kömək olsun. Biz də bir xalq olaraq çalışacağıq ki, bu çətinliyin öhdəsindən gələk".
Aygün İlqarqızı