Azərbaycanın qədim ərazisi olan İrəvan xanlığı torpaqlarının Ermənistana verilməsinə həsr olunmuş beynəlxalq videokonfrans keçirilib.

Unikal.org xəbər verir ki, virtual tədbir Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV), Azərbaycanın Türkiyədəki Səfirliyinin birgə təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşdirilib.

TADİV-in sədri Aygün Attarın moderatorluğu ilə keçirilən konfransda Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva, TBMM üzvü Xəlil Özşavlı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı, prof.dr. Elçin Əhmədov, Dünya Axıska Türkləri Birliyinin Avropa təmsilçisi Burxan Özkoşar (Fransa) və Türk-Amerikan Güvənlik Vəqfi başqanı Fatih Özonur (ABŞ) çıxış ediblər.

Müzakirələr zamanı vaxtilə Rusiya və Fransada dərc edilən Qərbi Azərbaycan xəritələri nümayiş etdirilib, 102 il öncə mövcud olmuş mürəkkəb geosiyasi vəziyyətdə məcburən ermənilərə paytaxt kimi güzəşt edilən İrəvanın hazırda birgə yaşayışa deyil, işğalçılığa, terrora xidmət edən bir şəhər durumuna gəldiyi, İrəvanda saysız-hesabsız abidələrimizin məhv edildiyi, 1918-ci ildə bir daha Azərbaycandan torpaq iddiasında bulunmayacağı ilə bağlı Ermənistanın öz öhdəliyini "unutduğu", böyük havadarlarının sayəsində Azərbaycanın yeni ərazilərinin işğalını həyata keçirdiyi vurğulanıb.

Azərbaycan torpaqlarında Ermənistan dövlətinin qurulması faktının dünya ictimaiyyətinin nəzərinə çatdırılması, Qərbi Azərbaycan həqiqətlərinin duyulması istiqamətində mütəşəkkil iş aparılmasının vacibliyi və konkret addımların atılması ilə bağlı təkliflər səsləndirilib. İrəvan həqiqətlərinə dair tarixi sənədlərin müxtəlif dillərdə hazırlanaraq, bütün nüfuzlu ölkələrin dövlət qurumlarına, beynəlxalq təşkilatlara göndərilməsi və gündəmə gətirilməsi, Ermənistanın işğalşılıq siyasətinin müxtəlif arxivlərə istinadən elmi səviyyədə meydana çıxarılmasının mühüm olduğu bildirilib.

TADİV-in sosial media hesabları üzərindən canlı yayımlanan və 3 saat davam edən tədbir zamanı izləyicilərin çoxsaylı sualları da cavablandırılıb.