Milli Məclisin sədr müavini və parlamentin Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov və Cüdo Federasiyasının tanınmış mütəxəssisi Tərlan Poladov ilə görüşüb.  

Unikal.org xəbər verir ki, görüş zamanı tərəflər arasında pandemiya dövründə idman sahəsində yaranan boşluqlar və bu problemin aradan qaldırılması üçün gələcək planlar barədə fikir mübadiləsi aparılıb. 

Firdovsi Umudov  güləşçilərlə müntəzəm olaraq əlaqə saxladıqlarını və  onların durumları ilə maraqlandıqlarını bildirib.

Federasiya rəsmisi bütün dünyada tüğyan edən pandemiya başa çatdıqdan sonra idmançıların məşqlərə qaldığı yerdən davam edəcəklərini bildirib: 

"Prezidentimizin qəbul etdiyi rasional, mütərəqqi qərarların, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tövsiyyə və dəstəyinin, eyni zamanda həmrəyliyimizin nəticəsində pandemiya ölkəmizdə geniş yayılmadı.

Prezidentimizin uzaqgörən və qabaqlayıcı tədbirləri nəticəsində Azərbaycan bu bəladan üzüağ çıxmağı bacardı və hazırda da bu proses müsbət istiqamətdə davam etdirilir.”

 Federasiyanın vitse-prezidenti pandemiyadan sonrakı dövür üçün idman yarışları barədə də anons edib: “Koronavirus yer üzündən silinəndən sonra bizi böyük yarışlar gözləyir. Ən əsası isə Yay Olimpiya Oyunlarıdır.  İdmançılarımızın da ölkə başçısının onlara olan inamını doğruldacağına inanıram".

Tanınmış cüdo mütəxəssisi Tərlan Poladov da cüdonun hazırki durumu və gələcək yarışlar barəsində fikirlərini bildirib.

T.Poladov da ölkə başçısının uzaqgörən siyasəti nəticəsində bu problemin aradan qaldırılacağına əminliyini bildirib.

Sonda Adil Əliyev hər iki idman mütəxəssisinə çalışdıqları sahədə pandemiyadan sonra daha böyük uğurlara imza atacaqlarını  və idmançılarımızın beynəlxalq arenalarda yenidən uğur qazanacaqlarını ifadə edib.