Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Rusiyadakı Azərbaycan diasporunun bir qrup rəhbərinin qatıldığı videokonfrans təşkil edilib.
Unikal.org xəbər verir ki, virtual tədbirdə Moskva vilayətindən azərbaycanlıların milli-mədəni muxtariyyətinin sədri Elşən İbrahimov, İstra şəhərindən azərbaycanlı icmanın rəhbəri Ramil Əliyev, Kursk vilayətindən azərbaycanlı icmanın rəhbəri Qasım Kərimov, Ryazan vilayətindən insan haqları üzrə müvəkkilin köməkçisi Samir Qarayev, Kostroma vilayətindən azərbaycanlıların milli-mədəni muxtariyyətinin sədri Kamran Babayev, Voronej vilayətindən “Edinstvo-Birlik” ictimai təşkilatının sədri Mehdi Mehdiyev, Dövlət Komitəsinin məsul əməkdaşları Ruslan Quliyev, Tural Səfərov, Zaur Ramazanov və tədqiqatçı ekspert Teymur Atayev iştirak ediblər.
Müzakirələr zamanı diaspor sədrləri yeni növ koronavirus pandemiyası ilə əlaqədar müvəqqəti çətinliklərlə üzləşmiş soydaşlarımızın, yerli aztəminatlı və çoxuşaqlı ailələrin dəstəklənməsi üçün müxtəlif xeyriyyə kampaniyalarının gerçəkləşdirilməsi, rəhbərlik etdikləri təşkilatların fəaliyyəti və həyata keçirdikləri layihələr barədə ətraflı məlumat veriblər. Pandemiya dönəmində Rusiyadakı diaspor təşkilatlarının koordinasiyalı şəkildə fəaliyyətini təmin etmək məqsədilə virtual cəmiyyətlərin yaradılması, iki ölkə arasında qarşılıqlı münasibətləri inkişaf etdirəcək layihələrin dəstəklənməsi, informasiya mübadiləsinin intensivləşdirilməsi, postpandemiya dövründə fəaliyyət və s. barədə fikir mübadiləsi aparılıb.
Diaspor rəhbərləri videokonfransların əhəmiyyətini qeyd edərək davamlı olaraq keçirilməsinin zəruriliyini vurğulayıblar.