Uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılacaqlar.
Unikal.org-un məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da əksini tapıb.
Qaydalara əsasən, beynəlxalq uçuşlar üçün müayinə xərcləri sərnişinlərin özləri tərəfindən ödəniləcək. Ölkədaxili uçuşlarda Azərbaycan Respublikasının vətəndaşları üçün bu müayinələr ödənişsiz əsaslarla aparılacaq.
- Arayışların yoxlanılması və üzərində müvafiq qeydlərin aparılması terminalların girişində fəaliyyət göstərən tibb personalı tərəfindən həyata keçirilir. Sərnişinlərin uçuşa qeydiyyatı və hava gəmisinə daxil olması bu arayışlar əsasında həyata keçirilir;
- Azərbaycan Respublikasına uçuşları icra edən bütün aviadaşıyıcılar uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçən, nəticələri neqativ olan sərnişinləri arayış əsasında uçuşa qəbul edir. Sərhəd nəzarəti zamanı belə arayışı təqdim edə bilməyən Azərbaycan Respulikasının vətəndaşları iki həftəlik karantinə alınır,
- xarici ölkələrin vətəndaşları isə ölkə ərazisinə buraxılmır və aviadaşıyıcı hesabına həmin uçuşla geri qaytarılır;
- Azərbaycan ərazisinə gəlmək məqsədilə və ölkədaxili reyslərdə təyyarəyə minərkən COVID-19 testinin neqativ nəticələri barədə arayış təqdim edən və ölkənin hava limanına daxil olduqdan sonra müvafiq müayinə və testləşdirmədən keçən Azərbaycan Respulikasının və xarici ölkə vətəndaşları iki həftəlik karantinə alınma öhdəliyindən azad oluna bilərlər.