İyunun 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yuxarı kurs tələbələri və məzunlar üçün VIII Məzun-Karyera Sərgisi keçirilib.
Unikal.org xəbər verir ki, qlobal koronavirus pandemiyası ilə mübarizə məqsədilə Azərbaycanda elan edilmiş karantin rejimi şəraitində onlayn formatda baş tutan sərgidə 37 dövlət qurumu və özəl şirkət tərəfindən 217 vakant iş yeri təqdim olunub.
Təhsil və Energetika nazirlərinin müavinlərinin iştirakı ilə keçirilən onlayn təqdimatda salamlama nitqi ilə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı dövlət və şirkət nümayəndələrinə təşəkkürünü bildirib. ADNSU-da müasir sənaye və iqtisadiyyatın tələbələrinə uyğun kadrların yetişdirildiyini söyləyən rektor M.Babanlı universitetdə ənənəvi olaraq keçirilən Məzun-Karyerə sərgilərinin gənc mütəxəssilərin birbaşa şirkət nümayəndələri ilə təmas qurmasında və işlə təmin olunmasında mühün rol oynadığını vurğuilayıb.
Təhsil nazirinin müavini İdris İsayev bu sərginin əvvəlkilər kimi tələbə və məzunlar üçün faydalı olacağına əminliyini ifadə edərək ali təhsil müəssisələrinin birinci dərəcəli vəzifəsinin əmək bazarının tez-tez dəyişən tələblərinə cavab verən kadrların hazırlanması olduğunu vurğulayıb.
Tədbirdə Energetika nazirliyinin şöbə müdiri Əsəd İsmayılov, “Azərişıq” ASC-nin Tədris və İnnovasiya Mərkəzinin direktoru Araz Məmmədzadə, “AzerGold” QSC-nin İnsan Resursları üzrə aparıcı mütəxəssisi Valid Əliyev ADNSU ilə uzunmüddətli uğurlu əməkdaşlıq, tələbələrin istehsalat prosesində iştirakı və təmsil etdikləri qurumların kadr potensialında Azİİ məzunlarının ümumi çəkisi barədə məlumat verib, bu kimi sərgilərin keçirilməsinin ali məktəblərlə yanaşı müəssisələrin də maraqlarına uyğun olduğunu qeyd ediblər.
Tədbir çərçivəsində M.Babanlı ilə Socar-STP birgə müəssisəsinin baş icraçı direktoru Fərid Ağayev iki qurum arasında əməkdaşlığa dair müqavilə imzalayıblar. Sonra tədbir çərçivəsində career.asoiu.edu.az saytının təqdimatı olub. Bildirilib ki, tələbə və məzunlar career.asoiu.edu.az linki vasitəsilə sayta daxil olub vakant yerlərlə tanış ola, müvafiq şirkət və daha sonra vəzifəni seçib CV-lərini göndərə bilər.
Daimi olaraq tələbələri yeni iş yerləri və vakansiyalar barədə məlumatlandıracaq saytda bu sərginin nəticələrinin iyunun 25-də açıqlanacağı elan olunub.