“Vətəndaşların bu şəkildə dəfn prosesində toplaşmasına yolverilməzdir”.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Unikal.org-a məlumat verib.
O bildirib ki, belə hallar vətəndaş məsuliyyətsizliyindən yaranır:
“TƏBİB dəfələrlə vətəndaşlara bu mövzuda müraciət edib. İstər COVID-19-dan, istərsə də digər xəstəliklərdən ölən şəxslərin dəfninə bu şəkildə toplaşmaq olmaz. Amma kimlərsə gedib bu cür toplaşırsa, sonra onların karantinə alınması məsələsi dövlət üçün əlavə məsələlər yaradır.
TƏBİB tərəfindən COVID-19-dan ölən şəxslərin nəşinin ailə üzvlərinə təhvil verilməsi, eləcə də, dəfn olunması ilə bağlı prosedurların qaydaları elan edilib. Meyit ailə üzvlərinə təhvil verilən zaman da xatırladılır ki, ancaq konkret şəxslər dəfn prosesini həyata keçirsinlər.
Lakin vətəndaş məsuliyyətsizliyi səbəbindən yoluxma halları artarsa, onlar da müalicəyə alınacaq. Toplaşma hallarına nəzarət TƏBİB-də deyil. Buna yerli qurumlar nəzarət etməlidir”.
Xatırladaq ki, dünən Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayev COVID-19-dan vəfat edib. O, bu gün Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında – həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb. Dəfn prosesində 20 nəfərdən çox insan iştirak edib.