15 iyun Milli Qurtuluş günü münasibətilə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Qurtuluşdan başlanan yola ağdaşlı gənclərin baxış bucağı” adlı videokonfrans formatında tədbir keçirilmişdir. Rayon təşkilatının fəal gənclərinin qoşulduğu videokonfransı Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının baş məsləhətçisi Anar Şahmuradov giriş sözü ilə açaraq 1993-cü ilə qədər ölkədə yaranmış olan acınacaqlı vəziyyətdən və 1993-cü ilin iyun ayında cərəyan edən hadisələrdən, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkəyə qayıdışından, həmçinin həmin tarixdən sonra baş verən müsbət dəyişikliklərdən danışıb.
Unikal.org xəbər verir ki, Müstəqil Azərbaycan dövlətinin 27 il ərzində keçdiyi yola nəzər salan Anar Şahmuradov inkişaf edərək beynəlxalq aləmdə yüksək nüfuz sahibi olan ölkəmizin inkişafının təməlində cənab prezident İlham Əliyevin müasir dövrün tələbləri çərçivəsində həyata keçirdiyi ulu öndər Heydər Əliyevin siyasi kursunun dayanmasını qeyd edib.
Konfransa qoşulan YAP Ağdaş rayon təşkilatı Aparatının rəhbəri İsa Eminov 15 iyun Milli Qurtuluş günü münasibəti ilə gəncləri təbrik edərək onlara ürək sözlərini bildirib.
Konfransda YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri Teymur Əmirli və YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyi İdarə Heyətinin üzvü Turanə Şıxəliyeva çıxış edərək xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 iyun - Milli Qurtuluş günü ilə ölkəmizin həyatında yeni dövrün başlandığını, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsasının qoyulduğunu bildirdilər. Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş Qurtuluş bayramının ölkəmizin hər yerində dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevə dərin hörmət və məhəbbət hissi ilə qeyd olunduğu vurğulandı. Qeyd olundu ki, xalqımız xoşbəxt xalqdır. Onun üçün xoşbəxt xalqdır ki, ulu öndər Heydər Əliyevin siyasi kursu cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkənin firavan gələcəyi üçün davamlı olaraq mühüm işlər görülür.
Gənclərin qarşılıqlı diskussiyası şəraitində baş tutan konfransda pandemiya dövründə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər də vurğulanaraq bütün bunların cənab prezidentimiz İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olduğu qeyd olunub.