Azərbaycanın sərt karantin rejimininin tətbiq edildiyi iri şəhər və rayonlarında yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib.

Unikal.org  xəbər verir ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində apteklər yalnız ünvana çatdırılma xidməti ilə fəaliyyət göstərəcək. 

Həmin apteklərin qeyd olunan tarixlərdə işləyəcək əməkdaşlarının və onların avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

QSərtləşdirilmiş karantin günlərində fəaliyyət göstərəcək apteklərin ünvanları, iş saatı və evə çatdırılma xidmətindən istifadə üçün telefon nömrələri barədə məlumat www.koronavirusinfo.az saytında yerləşdiriləcək.

Qeyd edək ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Həmin müddət ərzində qeyd olunan ərazilərdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla).

Həmin müddət ərzində həmin yerlərdə əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.