Bu gün TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” mövzusunda iclası onlayn videokonfrans formatında keçirilmişdir. Onlayn iclas “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” və “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanun layihəsinin müzakirəsi” üzrə iki sessiyadan ibarət olub.
Unikal.org xəbər verir ki, iclasın açılış mərasimində çıxış edən TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri və Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik etmiş və bu tarixi günün Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulanıb. Sonra Əhliman Əmiraslanov sərhəd tanımayaraq qısa zaman ərzində bütün dünyaya yayılan COVID-19 pandemiyası, onun yaratdığı fəsadlar və mübarizə tədbirləri haqqında məlumat verib.
İlk sessiyaya Komissiyanın sədri akademik Əhliman Əmiraslanov sədrlik etmişdir. Sessiya zamanı üzv ölkələrdən olan ekspertlər təqdimatlar etmiş, həmçinin, COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması ilə bağlı üzv ölkələrimizdə həyata keçirilən tədbirlər müzakirə edilmişdir. İştirakçılar məsələ ilə bağlı milli qanunvericilik və beynəlxalq əməkdaşlıq mexanizmləri barədə fikir mübadiləsi aparıb.
İkinci sessiyaya Komissiyanın katibi Emin Həsənov moderatorluq etmişdir. İkinci sessiya zamanı üzv ölkələrdən olan ekspertlər qanunvericiliyin uyğunlaşdırılması və enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanunun hazırlanması üzrə məsələləri müzakirə ediblər.
Videokonfransda üzv parlamentlərdən olan millət vəkilləri ilə yanaşı, üzv ölkələrinin müvafiq nazirlik və qurumlarından, həmçinin beynəlxalq təşkilatlardan olan ekspertlər də iştirak edib.