Həftəsonu və bayram günü ilə əlaqədar yaranan 3 günlük qeyri-iş günlərində paytaxtdan regionlara üz tutan vətəndaşlar geri qayıdır.
Unikal.org xəbər verir ki, bununla əlaqədar Bakının bütün giriş-çıxış nöqtələrində böyük tıxaclar yaranıb.
Bakı, Sumqayıt və Abşerona giriş-çıxış qadağası ilə əlaqədar qurulan stansionar postlarda sənədlərin yoxlanılması tıxacın daha da artması ilə nəticələnib.
Analoji vəziyyət ötən həftənin cümə və şənbə günləri vətəndaşlar regionlara üz tutan zaman da baş vermişdi. Hətta bir çox vətəndaşlar tıxac səbəbilə əsas şose yolundan çıxaraq, torpaq yolla hərəkətini davam edtirmişdi.
Qeyd edək ki, Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində 14 iyun saat 00:00-dan etibarən 16 iyun saat 06:00-dək sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.
Həmin müddət ərzində Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.
Burada yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna kimi tanınıb.