“Turizm Könüllüləri” Təşkilatı və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə start verilən “VoluntouriZoom Online Hub” layihəsinin dördüncü görüşü keçirilib.
Unikal.org xəbər verir ki, görüşdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov “Təhsil peşəkarlığın yarısıdır” mövzusunda danışıb. Ekspert Azərbaycan Turizm və Menecment Universitetində mövcud ixtisaslar, tələbələr üçün yaradılan imkanlar, ATMU-da təhsil almağın üstünlükləri haqqında qısa məlumat verib. Rektor, həmçinin, həyata keçirilən fəaliyyətin nəticəsi olaraq 2019/20-ci tədris ilində ATMU-nun “Turizm işinin təşkili” ixtisas proqramı üzrə ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi və Ümumdünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülməsindən danışıb.
Daha sonra, İlham Mədətov turizmdə təhsil, yerli və beynəlxalq təcrübə, universitetin iştirak etdiyi müxtəlif beynəlxalq proqramlar haqqında könüllülərin maraqlı suallarını cavablandırıb onlara gələcək karyera planlaması ilə bağlı tövsiyələrini verib.
Qeyd edək ki, layihənin keçirilməsində məqsəd Azərbaycanda turizm sahəsi üzrə təhsil alan və müvafiq sahəyə marağı olan könüllüləri vahid onlayn platforma ətrafında toplamaq, onları turizm və gənclərlə iş sahəsi üzrə ekspertlərlə bir araya gətirmək, son yenilikləri və mövcud vəziyyətlə bağlı gələcək planları müzakirə etmək, könüllülər tərəfindən təqdim olunan təklifləri qiymətləndirməkdir. Ümumilikdə 12 ekspertin iştirakı ilə həyata keçiriləcək layihə 1 ay müddətində davam edəcəkdir.