Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Dizayn Mərkəzinin (İADM) mart ayında elan etdiyi müsabiqənin qalibləri müəyyən olunub.

Unikal.org xəbər verir ki, yekun nəticələrə görə, 117r2 qrupunun tələbəsi Elvira Mamişevanın müsabiqəyə təqdim etdiyi layihə 1-ci yerə layiq görülüb. 117r2 qrupunun tələbəsi Nərmin İskəndərova 2-ci, 117a2 qrupunun tələbəsi Əsmər Kərimli 3-cü yeri qazanıb. Müsabiqədə əsas meyarlar - estetiklik, erqanomika, istehsalda praktiklik əsas götürülüb.
Karantin rejimi bitdikdən sonra 1-ci yerin qalibinin layihəsi – park mebelləri, skamyalar universitetin həyətində quraşdırılacaq. 2 və 3-cü yerin qaliblərinə fərqləndirmə sertifikatları, müsabiqəyə qatılan digər tələbələrə isə müsabiqədə iştirak sertifikatları veriləcək. Nəzərdə tutulan bu işlər və sertifikatların tələbələrə təqdim olunması ölkədə mövcud vəziyyətlə əlaqədar olaraq pandemiya bitdikdən sonra gerçəkləşəcək. 

Xatırladaq ki, müsabiqə universitetin ərazisində quraşdırılması nəzərdə tutulan park mebelləri, kiçik memarlıq formaları, skamyalar, masa və oturacaqlar daxil olmaqla modul parkletlərin dizayn tərtibatına həsr olunmuşdur. 

Onu da qeyd edək ki, İADM-nin təşkil etdiyi bu müsabiqələrdə məqsəd tələbələrdə dizayn və memarlıq bacarıqlarını, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, onların real layihələrdə iştirakını təşkil etmək, əraziləri abadlaşdırmaqla gənclərdə ekoloji mədəniyyəti formalaşdırmaqdan ibarətdir. Eyni zamanda belə tədbirlərin keçirilməsi karantin dövründə tələbələrdə ruh yüksəkliyinin saxlanmasına, onların tədris-təlim prosesindən geri qalmamalarına və özünütəcrid şəraitində real layihələrdə iştirak edə bilmələrinə dəstək xarakteri daşıyıb.