Rəbiyyət Aslanovadan sərt açıqlama
13:44 04-12-2012
CƏMİYYƏT
Rəbiyyət Aslanovadan sərt açıqlama
"Telekanallar zorakılığı şou formatında təqdim edirlər"
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova ailə-məişət zorakılğı mövzusundan danışıb. Onun sözlərinə görə bu gün dünyanın bir çox ölkələrində müşahidə olunan böhranın, ailə institutunun tənəzzülü, məişət zorakılığı kimi meyllərin qloballaşma şəraitində həyatımıza təzyiq və nüfuz etməsi reallıqdır.
Yəni, sizin də qeyd etdiyiniz kimi, məişət zorakılığı dünyanın ən aktual problemlərindəndir. Hər il dünyada zorakılıq üzündən minlərlə qadın həlak olur, məişət zoraklığına məruz qalaraq, ağır zərbələr alır. Məişət zorakılığının son nəticəsi özünə qəsd, adamöldürmə və insan alverilə nəticələnir. Artıq neçə illərdir QHT-lər, hökumətlər, eləcə də beynəlxalq təşkilatlar bu problemin həlli yollarını müzakirə edirlər.
Bu yerdə qeyd edim ki, 25 noyabr Beynəlxalq Qadınlara qarşı zorakılığın aradan qaldırılması Günü kimi qeyd olunur. Bu gün rəsmi olaraq 1999-cu ildə BMT Baş Assambleyası tərəfindən elan olunub, amma 1981-ci ildən etibarən 1960-cı ildə Dominikan hökmdarı Rafael Truxilyonun əmri ilə vəhşicəsinə qətlə yetirilmiş Mirabel bacılarının faciəvi ölümü ilə əlaqədar qeyd olunur.Qadınlara qarşı məişət zorakılığı bütün dünyada yayılıb:-"
Müasir cəmiyyətdə məişət zorakılığının qarşısının alınmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Media ilə müqayisədə başqa heç bir digər sosial institut bu işin öhdəsindən gələ bilməz. KİV hər bir ailəyə, vətəndaşa bilavasitə təsir göstərir. Jurnalistlərimizin bu sahədə yüksək professional dəyərlərə istinad etməsinin, problemlərlə dərindən tanış olmasının, belə faktların işıqlandırılmasında peşə etikasına riayət edilməsinin xüsusilə vacib olduğunu vurğulamaq istərdim. Media işçiləri unutmamalıdırlar ki, dərc olunan, efirdə nümayiş edilən hər bir məişət zorakılığı faktının arxasında insan və onun taleyi dayanır. Dözümlü, tolerant yanaşma nümayiş etdirən, aydın, dəqiq faktlara əsaslanan jurnalist işlərinə cəmiyyətin böyük ehtiyacı var. Amma bu gün sanki media insanları öldürmək məqsədini güdür, kriminalın bu qədər qabardılması da insanların psixikasına təsir edir.
Bu gün televiziyalarda məişətə, ailə münasibətlərinə, kriminal verilişlərə çox geniş yer verilir. Pis nümunə həmişə geniş yayılır. Kriminal verilişlərini, dəhşətli filmlərin çoxluğu zorakılığın birbaşa təbliğidir. Psixoloji baxımdan, bu, yol verilməzdir. Bu hadisələrin işıqlandırılma qaydaları var. Mənfi obrazların qəhrəman kimi təqdim olunması, yaramazlığın tirajlanması, mənfi hərəkətlərin populyarlaşdırılması insanların beynində mənfi yük yaradır.
Biz əvvəlki çıxışlarımızda tədqiqatlara isnad edərək qeyd etmişdik ki, bir il ərzində məişət zorakılığı ilə bağlı 7 telekanalda 110 , 18 gündəlik qəzetdə isə 142 material hazırlanıb ki, Azərbaycan reallığı üçün bu göstərici olduqca aşağıdır. Burada əsasən emosional məqalələrə üstünlük verilir.
Telekanallar məişət zorakılığını ya kriminal hadisə kimi, ya da ən pisi onu şou və şok formatında təqdim edirlər. Belə məlumatlar isə güclü emosional tərzdə efirə verilir. Bu isə insanların psixoloji durumuna mənfi təsir göstərir. Bu verilişləri cəmiyyətdə narazılıq və narahatçılıq yaradır. Faciəyə məruz qalan ailələrin problemlərini telekanallar çıxararaq Azərbaycan ailəsinin yalnız bundan ibarət olması görüntüsü yaradılır. Halbuki nümunəvi ailələr barədə veriliş hazırlayıb cəmiyyətə təqdim etmək olar.İctimai rəyin formalaşması və cəmiyyətdə mövcud olan gender stereotiplərinin aradan qaldırılması prosesində medianın çox böyük rolu var.
Lakin mövcud Azərbaycan mətbuatı demək olar ki, bütün hallarda məişət zorakılığının doğurduğu ağır nəticələri işıqlandırır, belə halların baş verməməsi üçün preventiv və maarifləndirmə xarakterli mövzular isə diqqətdən kənarda qalır. Materialların məzmununun təhlili göstərir ki, qəzetlərdə dərc olunan yazıların böyük əksəriyyəti qadınlara qarşı fiziki zorakılıq hallarını yalnız şok xəbər janrinda və ya şou kimi təsvir edir. olub. Digər faktlardan biri isə monitorinq müddətində milli mediada mövzu ilə bağlı ümumiyyətlə heç bir analitik təhlil xarakterli yazıların olmamasıdır.
Bu bir daha nümayiş etdirir ki, cəmiyyətin diqqətini zorakılıq olaylarından şok effektli xəbərlər düzəltməyə deyil, daha çox onun səbəblərini aradan qaldıran amillərə yönəltmək üçün media nümayəndələri xüsusi diqqət yetirilməlidir. Zorakılığın qarşısının alınması, ictimaiyyətin zorakılığı doğuran səbəblər və zorakılığın nəticələri ilə bağlı maarifləndirilməsi, qadın hüquqları ilə bağlı stereotiplərin formalaşması və ya sındırılması və sair bu kimi həssas mövzularda mətbuatın rolu çox böyükdür. Lakin təəssüf ki, Azərbaycanda getdikcə daha aktual olan gender məsələləri, qadınlara qarşı zorakılıq və məişət zorakılığı kimi hallar Azərbaycan mətbuatının önə çəkdiyi mövzular sırasında deyil. Ölkə mətbuatına nəzər salsaq görərik ki, mətbuat yuxarıda sadalanan zorakılıq halları ilə bağlı yalnız xəbər verməklə kifayətlənir".
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27