Eldar Əzizov yeni vəzifəyə gedir
13:48 04-12-2012
CƏMİYYƏT
Eldar Əzizov yeni vəzifəyə gedir
Sumqayıtın icra başçısı hansı komitə sədrinin yerinə hazırlaşır?
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla bağlı maraqlı məlumat yayılıb. Həmin məlumatda iddia olunur ki, "gənclik şəhəri"nin rəhbəri yeni posta gedir. Artıq şəhər camaatı arasında da geniş yayılmış iddia sosial şəbəkələrə də ayaq açıb.
Maraqlı burasıdır ki, iddialarda Əzizovun heç də indiyə qədər KİV-in də davamlı yazdığı kimi, Bakı şəhər İcra Hakimiyyətinin başçısı postuna təyinat alacağı qeyd edilmir. Sumqayıtın icra başçısının təyinat alacağı iddia olunan post kifayət qədər maraqlıdır: Diasporla İş üzrə Dövlət Komitəsinin sədri.
Bir sözlə, Eldar Əzizovun guya Nazim İbrahimovun yerinə gətiriləcəyi barədə söz-söhbətlər bir ilkdir. Yəni indiyədək onun əsasən iki görəvdən birinə gətirilməsindən danışılırdı: böyük ehtimalla Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının Hacıbala Abutalıbovu əvəzləyəcəyi deyilir, bir ara isə hətta onun növbəti baş nazir ola biləcəyi ehtimalı da irəli sürülürdü. Dediyimiz kimi, xüsusilə Eldar Əzizovun yeni Bakı meri olacağı yönündə iddialar çoxdan və xeyli geniş yayılıb; üstəlik də kifayət qədər real, ağlabatan hesab olunur.
Hətta cənab Əzizovun Gəncədən Sumqayıta "transfer" edilməsi də məhz haqqında danışılan yetərincə real və ağlabatan planın tərkib hissəsi kimi qəbul edilirdi; hesab olunurdu ki, bununla o, paytaxta yaxınlaşdırılır. İndi isə belə çıxır ki, Əzizov Bakının bir addımlığına paytaxtın növbəti icra başçısı təyin edilmək üçün yox, hansısa komitə sədrinin yerinə təyin edilmək üçün gətirilib.
Bəs Sumqayıtın icra başçısının Nazim İbrahimovu əvəzləmək şansı nə qədərdir? Mövzu ilə bağlı söhbətləşdiyimiz mənbə belə bir təyinatın ola biləcəyi yönündə iddia və informasiyalarla heç vaxt qarşılaşmadığını desə də, onu yetərincə ağlabatan sayır. Mənbəmiz xatırladır ki, hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti hətta iqtidara yaxın media və şəxslərin də dilində tənqid mövzusudur; bu səbəbdən İbrahimovun görəvindən alınması heç vaxt sürpriz sayılmayacaq.
Eyni zamanda Rusiyada Azərbaycan diasporunun parçalanması istiqamətində göstərilən cəhdlər, bu cür parçalanma faktlarının digər mühüm ölkələrdəki Azərbaycan diasporalarını da "vura" bilməsi yönündə ehtimallar, narahatlıqlar Diasporla İş üzrə Komitənin fəaliyyətinin yenidən qurulmasını, gücləndirilmiş, möhkəmləndirilmiş iş prinsipləri ilə çalışmasını tələb edir. Bu isə faktiki olaraq adıçəkilən Komitənin "yeni qana" ehtiyacı olması deməkdir, həmçinin qurumda təcrübəli bürokratiyaya ehtiyac yarandığının siqnallarıdır.
Eldar Əzizovun məhz sonuncu kriteriya üzrə Diasporla İş üzrə Dövlət Komitəsinin sədrliyinə gətirilməsi real sayılır. "Əzizovun tərcümeyi-halına nəzər saldıqda onun bürokratik "baqaj"ının kifayət qədər zəngin olması diqqətdən qaçmır. O əmək fəaliyyətinə Azərbaycan LKGİ-da metodist kimi başlayıb, təlimatçı və sektor müdiri vəzifələrində çalışıb, Azərbaycan LKGİ 26 Bakı Komissarları rayonunun komsomol komitəsində, daha sonra Azərbaycan LKGİ Bakı şəhər komitəsində birinci katib, lap sonra Azərbaycan LKGİ Mərkəzi komitəsində, Azərbaycan TUKGİ Mərkəzi komitəsində, və Azərbaycan Gənclər İttifaqında katib, Respublikası Seçki Komissiyası Katibliyinin Beynəlxalq əlaqələr İdarəsində şöbə müdiri, 1999-cu ildən Bakı şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini, Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olub. Ötən ilin fevralında isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Yəni Əzizovun təcrübəsi adıçəkilən Komitənin ciddi bürokratik idarəetmə əsasında fəaliyyət göstərməsinə imkan verə bilər" deyə mənbəmiz bildirib.
Mənbə daha ilginc bir məqama da toxunub: "Əgər hesab etsək ki, Sumqayıtın icra başçısının Nazim İbrahimovun postuna gətiriləcəyi yönündə iddialar ciddidir, o zaman belə bir təyinatın mümkünlüyünə adamı inandıran başqa bir məqamı da diqqətdən qaçırmaq olmaz. Əzizovun yuxarıdakı fəaliyyətindən onun karyerasında beynəlxalq əlaqələrlə bağlı da məqamlar var, yəni xariclə çalışmaq Əzizov üçün yeni deyil, bu baxımdan onun hələlik bir iddia kimi dolaşan gələcək təyinatının hərtərəfli inandırıcılıq gücü artır".
Mənbəmiz hesab etmir ki, Nazim İbrahimov onun yerinə hər hansı bir təyinatın gerçəkləşdirilməsinə müqavimət göstərmək gücündədir: komitə sədri xeyli zəiflədilib, əvvəlki iqtidariçi nüfuza və təsir imkanlarına malik deyil, ən əsası isə xaricdəki Azərbaycan diasporunun mütləq əksəriyyəti artıq Nazim İbrahimovun rəhbəri olduğu bir komitə ilə əməkdaşlıqda həvəsli və maraqlı görünmür. Elə bu da onun vəzifədən uzaqlaşdırılmasına ciddi əsaslar yaradır; hesab olunur ki, komitə sədri də artıq bu reallıqla barışıb və görəvində saxlanılması üçün israrçı deyil.
Azər Aslan
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27