Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə regionların sosial-iqisadi inkişafı Dövlət Proqramları tərtib olunarkən bu proqramlarda yol infrastrukturunun inkişafına geniş yer verilib. 

Unikal.org xəbər verir ki, ötən dövr ərzində ölkəmizin hər yerində olduğu kimi Lənkəran rayonunda da bu sahədə irimiqyaslı layihələr gerçəkləşdirilərək ümumi uzunluğu 200 km-dək olan şəhərdaxili küçələr, magistral və kəndlərarası yollar başdanbaşa yenidən asfaltlanıb.

Təkcə son illərdə rayonda 7 iri yol layihəsi həyata keçirilib.  Koronavirus pandemiyasının yaratdığı labüd çətinliklərə baxmayaraq cari ilin birinci yarısında Lənkəran və Liman şəhərlərində 8 küçə asfaltlanandan sonra rayonun ən böyük yaşayış məntəqələrindən olan Haftoni qəsəbəsini Ləj kəndi ilə birləşdirən, yararsız vəziyyətə düşdüyündən sakinlərin narahatçılığına səbəb olan yol ağır texnikalar vasitəsilə hamarlanıb bünövrəsi çınqılla möhkəmləndirilərək yenidən qurulub. Burada 3200 kv/metr yol sahəsinə isti asfalt döşənib, yol çiyinləri yenidən qurulub, suötürücü  qurğular quraşdırılıb və yol boyu abadlıq işləri görülüb.

Qəsəbədə yol infrastrukturunun yenidən qurulması rayonda turizmin inkişafı baxımından da çox əhəmiyyətlidir. Belə ki, qəsəbənin Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yoluna bitişik ərazidə yerləşməsi və burada yeni istifadəyə verilmiş beynəlxalq əhəmiyyətli İstisu Müalicə və İstirahət Mərkəzinin fəaliyyət göstərməsi turizmin inkişafı üçün çox əhəmiyyətlidir və qəsəbəətrafı yolların asfaltlanması bu imkanları daha da genişləndirəcəkdir.