Qida zəhərlənmələrinə daha çox yay aylarında təsadüf edilir. Zəhərlənmələrə bakteriya və onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələrlə yoluxmuş qida və su qəbulu səbəb ola bilər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Unikal.org-a verilən məlumata görə, araşdırmalar göstərir ki, zəhərlənmələrə əsasən qida məhsulları ilə düzgün davranmamaq, qidaların saxlanma və emal qaydalarına əməl etməmək səbəb olur. Havanın hərarəti bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır ki, bu da qidaların tez xarab olmasına gətirib çıxarır:
“Yayda bəzi mövsümi meyvə-tərəvəzləri istifadə edərkən də diqqətli olmaq məsləhətdir. Qida vasitəsilə yaranan xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün bəzi tövsiyələrə əməl etmək lazımdır. Xüsusilə də istifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları yemək olmaz. Hər bir istehlakçı məhsul seçərkən ilk növbədə onun xarici görünüşündə, rəngində, iyində, dadında və digər əlamətlərində hər hansı bir dəyişikliyin olub-olmamasına diqqət yetirməlidir.
Qida məhsullarının saxlanma şəraiti onun keyfiyyətinə və təhlükəsizliyinə bilavasitə təsir edən amillərdəndir. Məhsulların saxlanması zamanı temperatur rejiminə riayət edilmədikdə onların xarici görünüşü, rəngi, iyi, dadı və digər orqanoleptik əlamətləri dəyişə və ya məhsullar müxtəlif bakteriyalara yoluxa bilir. Hər məhsulun aid olduğu kateqoriyaya uyğun saxlanma temperaturu var. İstehlakçılar ön cərgədə yerləşdirilmiş, endirimdə olan qida məhsullarını alarkən xüsusi diqqətli olmalıdırlar. Həmçinin, məhsulların qablaşdırılması tam şəkildə olmalıdır.
Gözəl görüntülü, rəngli rəsmlərlə bəzədilmiş qablaşdırmaya aldanmaq olmaz. Qablaşmanın üzərində məhsulun tərkibi haqqında informasiya verən mətni mütləq diqqətlə oxumaq lazımdır. Qablaşdırılmamış, açıq şəraitdə və çəki ilə satılan məhsulun çirklənməyə məruz qalması ehtimalı böyükdür. Belə məhsulları alarkən üzərində xüsusi örtücü vasitələrin olmasına diqqət yetirmək lazımdır.
Süd zərərli və xəstəlik törədən bakteriyalarla çirkləndikdə ondan əldə edilmiş məhsullar da sağlamlığımıza təhlükə yarada bilər. Bu baxımdan pasterizə olunmamış (qaynadılmamış) süd və süd məhsullarından istifadə məsləhət görülmür. Həmçinin, süd və süd məhsullarının lazımi şəraitdə və temperaturda saxlanması da vacib şərtdir.
Konservləşdirilmiş məhsulları alarkən istehlakçılar diqqətli olmalıdır. Belə malların qabında pas ləkələri, zədələnmələr müşahidə olunursa və ya qapağı boşalmış vəziyyətdədirsə, bu artıq ilk baxışdan həmin məhsulun keyfiyyətsiz olduğunu göstərir. Yeməzdən əvvəl meyvə-tərəvəzi axar ilıq su ilə yaxşı yuyub, istehlak etmək lazımdır. Zəhərlənmə riski yaranmaması üçün ət, toyuq, balıq və süd kimi tez xarab olan məhsulların uyğun müddətdə və temperaturda bişirilməsi vacibdir.
Qida ilə təmas edən səthlər, alət və avadanlıqlar istifadə edilməzdən əvvəl və sonra təmizlənib dezinfeksiya olunmalıdır. Çalışın yeməkləri günlük olaraq hazırlayasınız. Əgər bişirdiyiniz xörəkdən artıq qalıbsa, onu bir dəfədən çox isitməyin. Yeməyin metal və bəzi maddələrlə təmas etməsi də zəhərlənməyə səbəb ola bilər. Yemək hazırlayıb bişirərkən və süfrəyə təqdim edərkən mütləq şəxsi gigiyena qaydalarına riayət olunmalıdır. Xəstəliklər çox vaxt çirklənmiş əllər vasitəsilə yaranır. Əllərinizin və qida ilə təmasda olan səthlərin təmizliyi şərtdir. Düzgün gigiyena, qida hazırlanması zamanı davranış və qidanın növünə müvafiq olaraq saxlanması, həmçinin, istehlakı qida zəhərlənmələri riskini azaldır”.