"Bu tipli insanlar orada yığışıb əylənirlər"
12:45 05-12-2012
CƏMİYYƏT
"Bu tipli insanlar orada yığışıb əylənirlər"
Fəzail Ağamalı: "Bizim ziyalılarda həmişə çayxanaçılıq, klubçuluq əhvali-ruhiyyəsi güclü olub"
Xəbər verildiyi kimi, dekabrın 3-də Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycan 2020: gələcəyə baxış" adlı beynəlxalq toplantıda iştirak edən PA rəhbəri jurnalistlərlə söhbətində Rusiyada yaradılan "Milyarderlər ittifaqı" - Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ), eləcə də Ziyalılar Forumu ilə bağlı hakimiyyətin mövqeyini açıqlayıb Ziyalılar Forumunun Azərbaycan ziyalılarını təmsil etmədiyini deyib: "Sadəcə, 10-20 nəfər yığışıb, belə bir təşkilat yaradıb.
Təşkilatçıların bu gününü, keçmişini təhlil etsəniz, görərsiniz ki, onların məqsədi nədən ibarətdir. Kimsə deputat seçilməyib, kimisinin biznesi baş tutmayıb, kimsənin bir marağı olub, onu təmin edə bilməyib, kimsə işdən qovulub... Bu tipli insanlar orada yığışıb, deyə bilərəm ki, əylənirlər".
R.Mehdiyev Azərbaycanın gələcəyi üçün bu Ziyalılar Forumunun heç bir əhəmiyyəti olmadığını vurğulayıb: "Azərbaycanda ziyalılar yüz minlərlədir. Azərbaycan prezidentinin ölkənin gələcəyi ilə bağlı geniş planları var".
Bir neçə gün öncə PA rəhbəri olaraq ona 4 müavin təyin edilməsi məsələsinə gəlincə, akademik R.Mehdiyev deyib ki, bu, prezident İ.Əliyevin qərarıdır: "Qərarları prezident qəbul edib. Administrasiya rəhbərinin müavinləri məsələsi həll olunub. Burada başqa bir fikir yoxdur. Sadəcə, söhbət işin çoxluğu və vəzifələrin artmasından gedir. Onu da deyim ki, müavin təyin olunmuş prezident köməkçiləri öz vəzifələrində qalır".
"Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasına çox mənfi yanaşıram".
R.Mehdiyev bunu isə ÜATİ-nin yaradılmasına münasibət bildirərkən deyib: "Bu qurumun regionlarda yaranmış diasporla heç bir əlaqəsi yoxdur. İkinci tərəfdən, burada ümumi maraqlardan kənar bir məsələ müzakirə olunur və həmin təşkilatın üzvləri öz şəxsi maraqları, mənafeyini güdmək məqsədilə belə bir təşkilat yaradıblar".
R.Mehdiyevin sözlərindən o da bəlli olub ki, "Milyarderlər ittifaqı" yaranmazdan öncə qurum üzvlərindən biri ilə geniş söhbət aparıb: "Mən bu məsələ ilə razı olmadığımı bildirdim. Qurumun yaradılmasını Rusiyada formalaşmış diasporla qarşı-qarşıya qoyulma kimi qiymətləndirirəm. Bu təşkilatın heç bir əhəmiyyəti yoxdur".
"Mediaforum" saytının "Cəmiyyətdə YAP-ın 2013-cü ilin prezident seçkisində namizədinin kim olacağı ilə bağlı müxtəlif fikirlər səslənir. Bu müzakirələri necə qiymətləndirirsiniz" sualın PA rəhbəri belə cavab verib: "Bu, cəmiyyətin, ictimaiyyətin apardığı müzakirələrdir və bunu da təbii qəbul etmək lazımdır. İnsanları maraqlandırır ki, gələn 5 ildə Azərbaycanın prezidenti kim olacaq, Azərbaycanın taleyi nədən ibarət olacaq, kiminlə bağlı olacaq. Bu da məlumdur. 2020-ci ilə qədər Azərbaycanın konsepsiyası var, bu gün burada keçirilən konfransda bunu müzakirə etdik və hər bir insan bundan özü üçün nəticə çıxara bilər ki, Azərbaycanın prezidenti kim olacaq".
Ana Vətən Partiyasının sədri millət vəkili Fəzail Ağamalının sözlərinə görə, "Mən cənab Ramiz Mehdiyevin Azərbaycan Ziyalılar Forumu barədə dediyi fikirləri tam şəkildə dəstəkləyirəm. Bu forum Azərbaycanın on minlərlə ziyalısının istək və iradəsini ifadə etmək hüququnda deyil və buna səlahiyyəti də yoxdur. Bir neçə nəfərin bir yerə toplaşıb ziyalıların, ümumən cəmiyyətin adından danışmaq iddiasında olması nə dərəcədə düzgündür? Hansısa siyasətçilər bu addımı atsalar, bunu başa düşmək olar, amma ziyalı ziyalı nəcabətini qorumalıdır. Düşünmürəm ki, Ziyalılar Forumu yaxın aylarda və ümumiyyətlə, yaxın perspektivdə Azərbaycanın ictimai-siyasi həyatında hansısa rol oynaya və yaxud önəmli sosial bazaya maklik ola bilə. Bizim ziyalılarda həmişə çayxanaçılıq, klubçuluq əhvali-ruhiyyəsi güclü olub".
Millət vəkilinin sözlərinə görə, "Moskvada Rusiya hakimiyyətinin diqtəsi ilə yaradılmış "Milyarderlər İttifaqı" barədə fikirlərimi dəfələrlə açıqlamışam. Hesab edirəm ki, vətənini, xalqını sevən milyarder birinci növbədə öz vətənində yeni iş yerləri açmalı, vətən iqtisadiyyatına sərmayə yatırmalıdır ki, doğma ölkəsi inkişaf etsin. Bizim Rusiyadakı milyarderlər bu xeyirxah, vətənpərvər addımlar atmaqdansa Rusiyanın əlinə oynayırlar".
Millət vəkili deyir ki, "Mən o ittifaqı təşkil edənlərdən ikisini çox yaxşı tanıyıram - Rüstəm İbrahimbəyovu və Söyün Sadıqovu. Onların ikisi də Rusiyanın xüsusi xidmət orqanlarına olduqca yaxın olan adamlardır. Və düşünürəm ki, bundan sonrasını şərh etməyə ehtiyac yoxdur".
Şakir
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27