“Ağlımıza gəlməyən hadisələr başımıza gəldi”.
Bu sözləri Unikal.org-a açıqlamasında xalq artisti Brilliant Dadaşova deyib. Müğənni bildirib ki, karantin dönəminin yaratdığı maddi çətinlik ondan da yan keçməyib:
“Çalışırıq çətin də olsa, qaydalara riayət edək. Çünki koronavirus pandemiyası bütün dünyada yaşanır. Arada karantin şərtlərinə uyğun olaraq, sms icazəsi alıb işlərimlə bağlı studiyaya gedirəm. Əlbəttə ki, karantin dönəmi maddi çətinlik yaratdı. Sənət sərmayə tələb edir, pul verib, mahnı alırıq, oranjiman da, studiya da pulludur və öz hesabımızadır. Mənim tək gəlir mənbəyim toylar olub. Toydan olan gəliri həm geyim, makiyaj kimi bir çox sosial tələbatlarıma, həm də musiqilərin üzərinə sərmayə kimi yatırmışam. Hər yeni musiqi də daimi yeni sərmayə tələb edir. İndi çətinliyin olması normaldır. Xalq artisti adına görə mən ayda 150 manat maaş alıram. Bir maraqlı məqamı deyim son iki ildən çoxdur ki, mən maaşıma toxunmurdum, toydan qazandıqlarıma görə o maaş balansımda toplanırdı. Baxın, həmin pul belə bir dönəmdə köməyimə çatdı. O iki ilin maaşını indi yavaş-yavaş xərcləyirəm. Çox vaxt barəmizdə yalan, cəfəngiyyatlar danışırlar. Amma bizim ailədə kimsənin özəl biznesi yoxdur, heç vaxt da olmayıb. Bir tək özəl biznesimiz olub, o da səsim. Düzdür ailədə 3 nəfərik, oğlum da yoldaşım da maaş alır. Şikayət etməyi sevmirəm müəyyən çətinliklər var, amma xeyirlisiylə hər şey düzələcək”.
Dürrə Həsənova