Qarabağsız Türkiyə müzakirələri
12:46 05-12-2012
CƏMİYYƏT
Qarabağsız Türkiyə müzakirələri
Putinin Türkiyəyə səfərindən çıxan 2 nəticə
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ekspertlər tərəfindən yüksək dəyərləndirilirdi və əsasən Suriya məsələsində aparılan müzakirələrin nəticələri maraqla izlənilirdi. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə qısa müddətli səfərinin iki önəmli nəticə ilə yadda qaldığını bildirib.
Elxan Şahinoğlu birinci nəticənin tərəflərin Rusiya-Türkiyə münasibətlərində gərginliyin olmadığı görünsütünü formalaşdırmaqdan ibarət olduğunu söylədi: "Suriyada vətəndaş müharibəsi başladıqda Ankara ilə Moskvanın maraqları haçalandı. Ankara Əsəd rejiminin devrilməsini istəyərkən, Moskva Suriya müxalifətindən ehtiyat edirdi. Digər tərəfdən bir müddət öncə Rusiya sərnişin təyyarəsinin Ankara hava limanına məcburi endirilməsi də iki ölkə arasında gərginliyi artırmışdı.
Buna baxmayaraq, Vladimir Putin səfər etməli ölkələr içərisində Türkiyəni ön plana aldı. Doğrudur, Kreml sahibi İstanbulda Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında iki ölkə arasında Suriyaya probleminin həllinə baxışda müəyyən fikir ayrılığının olduğunu dedi. Ancaq, Putin Əsəd rejiminin vəkili olmadığını vurğulamağı da unutmadı. Bu o deməkdir ki, Kreml ölkəni viran qoyan Əsədə görə nə Türkiyə, nə də beynəlxalq aləmlə sonsuzadək üz-üzə qalmaq istəyir. Digər tərəfdən Rusiya Türkiyə ilə iqtisadi-ticarət və enerji əlaqələrinin inkişafında maraqlıdır. Ticarət mübadiləsi 40 milyard dollara çatıb, yaxın illərdə 100 milyard dolları ötəcək. Rusiya Türkiyədə milyardlarla dollar dəyəri olan nüvə elektrik stansıyasının tikintisinə də başlayacaq, Türkiyə üzərindən Avropaya qaz daşıyacaq boru xəttinin inşasına start verəcək. Bu layihələrdə Türkiyə də olduqca maraqlıdır. Odur ki, həm Moskva, həm də Ankara əməkdaşlıqdan bu qədər qazanc götürməyi planlaşdırarkən, Əsəd rejiminə görə bir-biriylə üz-göz olmaq istəməzlər. Əsəd bu gün var, sabah yoxdur, yüksəliş dövrü yaşayan Rusiya-Türkiyə iqtisadi əməkdaşlığı isə daimi xarakter alıb".
Putinin İstanbuldakı mətbuat konfransında beynəlxalq aləmə ünvanladığı ikinci mesajın da olduğunu deyən analitik Rusiyanın yaxın gələcəkdə Suriyada dəyişikliyə yaşıl işıq yandıra biləcəyini vurğulayıb: "Əgər Putin Əsədin vəkili olmaq istəmirsə və Suriyada dünyəvi müxalifətlə dialoq imkanlarını araşdırırsa, demək hər halda bu ölkədə hakimiyyət dəyişikliyini istisa etmir. Ancaq bu o demək deyil ki, Moskva Liviyada olduğu kimi Qərbin silahlı qüvvələrinin Suriyaya müdaxiləsinə yaşıl işıq yandıracaq. Məncə, Moskva bu məsələdə daha çox Ankaranın arqumentini qəbul edə bilər. Ankara keçid dövrü üçün Əsədin ailəsinə aidiyyatı olmayan bir başqa hakimiyyət mənsubu ilə əvəz edilməsini məqbul sayır".
Elxan Şahinoğlu Ərdoğan-Putin görüşməsində Dağlıq Qarabağ probleminin müzakirə olunmamasına da diqqəti çəkib: "Təəssüf ki, son zamanlar Qarabağ mövzusu arxa plana keçib. Danışıqlarda irəliləyiş olmadığından və vasitəçilər də passivləşdiklərindən aparıcı ölkələrin liderləri də bu mövzuya maraq göstərmirlər".Amma başqa ekspertlərdə bildirir ki, Dağlıq Qarabağın müzakirə mövzusu olmaması ATƏT-in Minsk qrupunun həmsədrlərinin son səfəri ilə bağlıdır. Xatırladaq ki, son səfər zamanı həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışdılar. Amma Ermənistan prezidenti Serj Sarksyan bu görüşdən imtina etdi . Buna görə də danışıqlarda hər hansı bir irəliləyiş əldə etmək mümkün olmadı. Halbu ki, həmsədrlər bildirirdilər ki, ortada yeni təkliflər var və bunların müzakirəsi vacibdir. Amma görüş olmursa deməli təkliflərdən danışmaq yersizdir. Digər tərəfdən qeyd edək ki, 2013-cü ildə istər Azərbaycanda , istərsə də Ermənistanda prezident seçkiləri olacaq və seçkilərə görə hər zaman danışıqlar prosesi zəifləyir. Görünür Rusiya və Türkiyə rəsmiləri də bunu nəzərə alaraq problemlə bağlı müzakirələr aparmayıblar.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27