Samux rayonunda soyğunçuluq hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org-a verilən məlumata görə, cari ilin may ayının 12-də Samux rayon sakini M.Mehbalıyeva Samux Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək 4 nəfər tanımadığı maskalı şəxslərin evinə qanunsuz olaraq daxil olduğunu və ondan pul, qızıl-zinət əşyaları tələb etdiklərini, lakin evdə olan qızı və nəvəsini gördükdən sonra bir ədəd mobil telefonu götürərək getdiklərini bildirib.
Samux və Göygöl rayon polis şöbələrinin əməkdaşlarının birlikdə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Samux rayon sakinləri - Elvin Məmmədov, Tural Süleymanov, Əli Mehdizadə və Tural Qədimov tutularaq istintaqa təqdim olunublar. Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayət hadisəsini etiraf ediblər. Qeyd edək ki, dəstə üzvlərindən E.Məmmədov və T.Süleymanov digər 2 nəfərlə birlikdə Göygöl rayonunda oğurluq hadisəsi törətməkdə də şübhəli bilinirlər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştiraklarının olub-olmaması istintaq yolu ilə araşdırlır.