Qondarma Kosovo Respublikasının Prezidenti Haşim Taçi bazar ertəsi, iyulun 13-də Haaqada 1998-1999-cu illərdə Serbiyadan ayrılmaq üçün aparılan müharibə zamanı Kosovoda baş verən hərbi cinayətlərin tədqiqatı ilə məşğul olan xüsusi tribunalın ofisində ifadə verib.
Unikal.org xəbər verir ki, bu barədə “Balkan Insight” yazır.
Taçi müharibə zamanı Kosovonun Azadlıq ordusuna rəhbərlik edirdi. Ona və Kosovanın daha bir nüfuzlu siyasətçisinə qarşı rəsmi ittiham iyunun 24-də irəli sürülmüşdü.
Kosovo lideri beynəlxalq tribunalın aparılmış tədqiqat və toplanmış çoxsaylı sübutlara əsaslanan ittihamını rədd edib. Taçi bildirib ki, o, hərbi cinayətlər deyil, siyasi xətalar edə bilərdi.
Qeyd edək ki, iki illik fasilədən sonra iyulun 12-dən başlayaraq Avropa İttifaqının təşəbbüsü ilə Serbiya və Kosovo arasında danışıqlar bərpa edilib.
Xatırladaq ki, Kosovo 1999-cu ildən Serbiyanın nəzarətindən çıxıb, 2008 -ci il fevralın 17-də isə müstəqilliyini elan edib. Azərbaycan tərəfi Kosovonun müstəqilliyini tanımır.