Nabucco yaşayacaqmı?
Nabucco yaşayacaqmı?

Dəfələrlə yazdığımız kimi, Şərq-Qərb enerji dəhlizinin müntəzəm və təhlükəsiz şəkildə, həm də effektli faliyyət göstərməsi cəhdləri Rusiya tərəfindən həmişə böyük qısqanclıqla qarşılanır. Bu enerji dəhlizinin əsas təminatçıları rolunda çıxış edən Türkmənistan, Qazaxıstan və Azərbaycan isə daim şimal qonşumuzun xoşagəlməz təhdidləri ilə üzləşməli olur.

Belə təhdidlərə məruz qalan və bu səbəbdən də reallaşması qeyri-müəyyən müddətə təxirə salınan, hazırda arxa plana keçirilən layihələrdən biri də məşhur Nabucco- qaz layihəsidir. Rusiya bu layihənin gerçəkləşməməsi üçün həm Türkmənistana, həm də Azərbaycana kifayət qədər hədələr yağdırdı. Məqsəd də aydındır: ruslar Qərbi Avropanın enerji təhlükəsizliyini özlərindən asılı vəziyyətə salmaq və lazım gələndə Avropaya qarşı təzyiq aləti kimi istifadə etmək istəyirlər.
Almaniyanın məşhur RWE şirkətinin Nabucco-dan geri çəkilməsi layihənin tezliklə dağılacağı haqda böyük söz-söhbətə səbəb oldu. Alman şirkətinin Nabucco-dan gözlənilmədən imtina etməsi və bütün bunların arxasında yenə də Rusiyanın maraqlarının olması diqqəti cəlb edir. Rəsmi Moskvanın başdan bəri qəbul etmədiyi Nabucco-nun reallaşmaması və layihənin getdikcə dağılması Azərbaycan üçün nə vəd edir? Nabucco-nun bundan sonrakı taleyi necə olacaq?
Bu və ya digər suallara cavab tapmaq üçün Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabandan münasibət öyrəndik. Nabucco-nun dağılması haqda yayılan məlumatların şişirdildiyini bildirən ekspert layihənin gələcək taleyinin Azərbaycandan aslı olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi Nabucco qaz kəməri layihəsinin yaşaması üçün "Şahdəniz 2” yatağından qazı Avropaya bu marşrutla çıxarmağa razılıq verməlidir.
“Burada Nabucco-nun dağılmağından söhbət getmir. Almaniyanın RWE şirkəti öz payını Avstriyanın OMW şirkətinə satmaq niyyətini bildirib. Əsas məsələ odur ki, maliyyə məsələlərinə görə, şirkətlər sıxıntı keçirir. Bu şirkətlərin çoxu da səhmdar şirkətlərdir. Burada Nabucco-nun dağılmasından söhbət gedə bilməz. Sadəcə məlumatlar şişirdilir. Nabucco-nun bundan sonrakı perspektivi birbaşa Azərbaycanın qərarından aslı olacaq. Gələn ilin iyun ayının 30-a kimi vaxt var. Biz əgər qərar versək ki, “Şahdəniz 2” yatağının qazı Avropaya o marşrutla gedəcək, onda Nabucco yaşayacaq. Əgər qərar verməsək faktiki olaraq layihə gündəmdən çıxacaq”, - deyə İ.Şaban bildirib.
Politoloq Qabil Hüseynli də Nabucco-nun dağılmayacağını bildirərək, bu layihənin sadəcə həcminin azaldığını qeyd edib. Q.Hüseynlinin sözlərinə görə, artıq Rusiya bu layihənin həyata keçməməsi üçün əlindən gələni edib.
“Artıq gündəmdə yeni TANAP layihəsi var. Bu layihə Azərbaycan qazının Bolqarıstan sərhəddindən Avropaya təhvil verilməsini nəzərdə tutur. Amma bununla yanaşı Trans-Xəzər Qaz kəməri layihəsi də var. Yəni Azərbaycan əgər xaricə 15 mlrd. kub metr qaz ixrac etməyi planlaşdırırdısa indi bunun miqdarı 30-35 mlrd dollar həcmində nəzərdə tutulur. Belə olan təqdirdə təkcə TANAP-la əldə edilmiş razılaşma ilə yanaşı yeni bir razılaşmaya ehtiyac yaranır. Bu zəmində Nabucco-nun kiçildilmiş, kifayət qədər qənaətcil variantının gündəmə gətirilməsi planlaşdırılır. Almaniya şirkətinin layihədən uzaqlaşması başa düşüləndir. Çünki Almaniya Baltik dənizinin dibindən Rusiyadan böyük miqdarda təbii qaz alır. Lakin Avropanın bəzi ölkələri var ki, onlar rus qazının diktəsi altına düşmək istəmirlər. Onlar Nabucco layihəsində maraqlıdırlar. Rusiya layihənin baş tutmaması üçün maksimum edəcəyini edib. Rusiya Nabucco-nun böyük variantını pozdu. Amma bundan sonra Rusiya bu layihəni poza bilməyəcək. Azərbaycan öz qazını xarici bazarlara çıxarmalıdır. Ölkəmiz üçün də ən sərfəli Avropa bazarıdır. Bu istiqamətdə ilkin addımlar atılıb”.
Qeyd edək ki, Almaniyanın RWE şirkəti Nabucco qaz kəməri layihəsindən çıxmaq üçün danışıqlar aparır. Alman şirkətinin müqavilədəki payını Avstriyanın OMV şirkəti alacaq.
Bundan əvvəl İngiltərənin BP şirkəti layihədə iştirak etməkdən imtina etmişdi. Macarıstanın baş naziri Viktor Orban isə yazda MOL şirkətinin layihəni tərk edəcəyi barədə açıqlama verib.
4 min km-lik Nabucco layihəsi ilə 31 milyard kub.m qaz nəqli nəzərdə tutulur. Layihənin əsas hədəfi Avropanı əvvəlki neft istehlakçısı olan Rusiyadan aslılığını azaltmaqdır.
Natiq