Dünyaca məşhur amerikalı aktrisa, Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) xoşməramlı səfiri Ancelina Coli azyaşlı qızların müharibələrdə və münaqişələrdə cinsi zorakılığa məruz qaldıqlarını, cinsi zorakılıq qurbanı olan qadın və uşaqlara yardımın yetərli olmadığına görə insanları daha çox dəstək verməyə çağırıb.
Unikal.org xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının iclasında “Cinsi zorakılıq, müharibələr və münaqişələrdəki qadınlar və uşaqlar” mövzusunda danışan Coli, cinsi zorakılığın qurbanı olan qadınlar və uşaqların lazımi dəstəyi almadıqlarını söyləyib.
Ciddi sağlamlıq problemləri və travma alan “hətta 6 aylıq körpələrin və 9 yaşlı qızların da cinsi zorakılığa məruz qaldıqlarını” izah edən Coli, beynəlxalq birliyin humanitar yardımının yalnız bir faizinin cinsi zorakılıq qurbanlarına köçürüldüyünü bildirib.
Cinsi zorakılığı törədənlərin heç birinin müharibə bölgələrində məsuliyyət daşımadığını ifadə edən məşhur aktrisa, “Qanunu dəyişdirin və bu münasibəti, günahkarları məsuliyyətə cəlb edin”- deyə ifadə işlədib.