Iran Tehranın yaxınlığında səhvən vurduğu Ukraynaya məxsus “Boeing 737” sərnişin təyyarəsinin “qara qutular”ını Fransaya yollayıb.

Unikal.org ILNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın XİN rəhbərinin müavini Möhsən Baharvəndin bəyanatında deyilir.  

Onun sözlərinə əsasən, “qutular” artıq Parisdədir.

“Şifrələrinin (“qara qutular”ın) açılmasına bazar ertəsi başlanacaq”, - deyə XİN nümayəndəsi bildirib.

Qeyd edək ki, yanvarın 8-də İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat verərək, təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.