Matthias Wolf alman dilçi-publisistdir. Onunla tanışlığımız Potsdam Universitetində bir fakültədə oxuduğumuz vaxtlara, daha dəqiq desəm 2011-ci ilə təsadüf edir. İlk söhbətimiz alman dilində başlayıb Azərbaycan dilində bitdiyində onun unikal insan olduğunu anlamışdım.
Matthiası Almaniyada əksər azərbaycanlılar çox yaxından tanıyır, özünü azərbaycanlılara xalqımızın mədəniyyətinə, tarixinə olan dərin marağını göstərməklə tanıda bilmişdir. Əksər dilləri dərindən mənimsədiyi kimi doğma dilimizdə də mükəmməl danışmağı azərbaycanlıların neçə illər ərzində diqqətini çəkməyə bilməzdi.
Azərbaycanımızı sevən bir alman kimi artıq illər idi ki, nəzərlər ona yönəlmişdi. Bizim üçün ən həssas məqam isə, onun Dağlıq Qarabağ həqiqətlərini öz ölkəsində alman və xarici auditoriyaya alman və ingilis dillərində cəsarətlə çatdırmağı idi. Azərbaycanlıların “Azərbaycanın dostu adlandırdığı alman” Azərbaycanla bağlı Berlin və Potsdam şəhərlərində keçirilən əksər tədbirlərin fəal iştirakçısı və məruzəçisi olurdu. Dağlıq Qarabağın işğalından və onun onillərdir sürən acı nəticələrindən daim istənilən çevrədə danışmağı sevən, sözünü çəkinmədən istənilən auditoriyaya çatdırmağı bacaran Matthias alman millətinin bütün gözəl xüsusiyyətlərini özündə birləşdirib. Ədalətli, vicdanlı, dürüst, dəqiq və mərhəmətlidir o. Mənəvi keyfiyyətləri, intellekti və mədəniyyəti yüksək olan bir almanın dilindən Azərbaycan və azərbaycanlılar haqqında daim qürurverici sözləri duymaq xalqlarımız arasında dostluğumuzu möhkəm və əbədi edən maraqlı məqamdır.
Günel Babayeva
Berlin Texniki Universitetinin doktorantı