İyunun ortalarından İranda koronavirusun yayılmasının ikinci dalğası başlayıb.
Unikal.org xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib. O bildirib ki, İranda 25 milyon insan koronavirusa yoluxub və xəstəliyin yayılması əhalinin sağlamlığına mənfi təsir göstərir. Prezident bildirib ki, yoluxanların sayı rəsmi statistikada göstəriləndən dəfələrlə çoxdur.
İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Larin bu gün keçirdiyi mətbuat konfransında son sutka ərzində 2 min 166 nəfərin virusa yoluxduğunu 188 nəfərin isə öldüyünü bildirib. Bununla da İranda yoluxanların ümumi sayı 271 min 606 nəfərə, ölənlərin sayı isə 13 min 979-a çatıb.
COVID-19 üçün ayrılan xəstəxanalarda müalicə alan 223 min 300 nəfər sağalaraq evə buraxılıb, 3 min 529 xəstənin vəziyyəti isə ağır olaraq qalır.
Yenə də İranın Şərqi Azərbaycan, Xorasan, Elam, Buşəhr, Mazandaran, Zəncan, Gülüstan, Kirman, Farz və Xuzistan vilayətlərində yoluxma və ölüm halları daha çox qeydə alınır. Bu vilayətlərdə vəziyyət ağır olaraq qalır.