Almaniyanın Köln şəhərində yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatla əlaqədar etiraz aksiya keçiriblər.

Unikal.org xəbər verir ki, dinc şəkildə həyata keçirilən aksiyada yüzlərlə soydaşımız iştirak edib. Şəhərin Breslaur Platz adlanan ərazisində baş tutan aksiyaya Almaniyanın digər şəhərlərindən gələn azərbaycanlılar da qoşulub.

Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyündən, qonşu Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkməsindən və Qarabağ həqiqətlərindən bəhs edən şüarlar səsləndirərək şəhərin mərkəzi küçələrində yürüş ediblər.

Yürüşdə “Şəhidlər ölməz, vətən bölünməz”, "Qarabağ bizimdir, bizim olacaq", "Qarabağ Azərbaycandır və nida işarəsi" kimi şüarlar səsləndirilərək Azərbaycan Ordusuna və xalqına dəstək nümayiş olunub.

Aksiya iştirakçıları eyni zamanda Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunda yaşayış evlərini atəşə tutmasını, mülki şəxsləri hədəfə alaraq öldürməsini Köln sakinlərinin diqqətinə çatdırıblar.

Qeyd edək ki, daha əvvəl etiraz yürüşü ölkənin Düsseldorf şəhərində də keçirilib.