Çex Respublikasında çətənə və onun əsasında hazırlanan məhsulları satan aparatlar quraşdırılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ilk qurğular Praqa, Ostrava, Çeb və Olomoutsda qoyulub.
Bildirilir ki, məhsul çeşidləri hələlik azdır - çətənə yağı, qida əlavələri, çətənə tərkibli maz və damcılar, həmçinin təmiz halda qurudulmuş bitki.
Söhbət texniki kənafdan (çətənədən) gedir. Onun tərkibində tetrahidrokannabinol (THC) adlanan narkotik maddənin miqdarı 0,3%-dən çox deyil.
Yaxın həftələrdə "CBD-Mat" (CBD- kannabidiolun qısaldılmış forması) adlanan aparatların sayının 50-yə çatacağı planlaşdırılır.
Onlar böyük idman zalları, otellər və ya hava limanlarında yerləşdiriləcək.
Xatırladaq ki, Çexiya apteklərində 2013-cü ildən marixuananın azad satışına icazə verilib. Bundan əlavə, Çex Respublikasında həkim resepti olmadan tibbi çətənə becərib satmaq da qanuni olaraq icazəlidir, çünki bu çətənə məstedici təsirə malik deyil. Onu evdə maz və digər dərman məhsulları hazırlamaq üçün istifadə etmək mümkündür.