Səfər Əbiyev yeni ittiham qarşısında
11:56 06-12-2012
CƏMİYYƏT
Səfər Əbiyev yeni
ittiham qarşısında
Müdafiə Nazirliyinin rəhbərliyi bu dəfə mübhəm ezamiyyə xərclərinə görə hədəfdədir
Səfər Əbiyevin nazirliyinə qarşı ittihamların ard-arası kəsilmir. İnternet resurslarında Əbiyevin nazirliyi ilə bağlı yeni ittiham isə ezamiyyə xərcləri üçün ayrılan büdcə vəsaiti ətrafındadır.
Bildirilir ki, hərbi büdcəsini sürətlə artıran Azərbaycan zabitinin ezamiyyə xərci olaraq qəpik-quruş alması müzəffər ordumuz haqqında səslənən fikirlərin nə dərəcədə həqiqət olduğunu şübhə altına qoyur. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu dünya ölkələrinin hərbi büdcələri ilə bağlı ötənilki illik hesabatında dünyada hərbi büdcəsini ən çox artıran ölkənin (89 faiz) Azərbaycan olduğunu bildirmişdi. İnstitut hesabatında Azərbaycanın hərbi büdcəsindəki bu böyük artımın Qarabağ müharibəsinin yenidən başlanması ilə əlaqədar olduğunu qeyd edib. Həmin sənədə görə 2008-ci ildən bəri dünyada hərbi büdcəsini ən çox artıran Azərbaycan olub: təxminən 60 faiz.
Əgər orduya bu qədər (1,5 milyard dollar) pul ayrılırsa, zabitlərimiz niyə ezamiyyə xərclərinin azlığından şikayət edirlər.
Ezamiyyə xərclərinin azlığını təsdiqləyən hərbi ekspertlər bildirirlər ki, verilən pul hərbiçinin yaşayış, qida, yol xərclərinə kifayət eləmir. Bəzən hərbi qulluqçu oteldə qalmalı olur, qiymətlər çox bahadır. Bu halda hərbi qulluqçu problemlərlə üzləşməli olur. Kirayə haqqı olaraq hərbi qulluqçuya 30-40 manat verilir. Bu qiymətə ev tapmaq mümkün deyil. Ərzaq təminatı acınacaqlı durumdadır. Zabitlərimiz xaricə səfərlər zamanı daha dözülməz şəraitlə qarşılaşırlar. Ayrılan ezamiyyə xərcləri o qədər aşağı olur ki, həmin pulla qəhvəaltı eləmək belə mümkün deyil.
Hərbi ekspertlər deyirlər ki, mövcud olan hərbi qanunvericilikdə bir sıra yeniliklərin tətbiqi vacib olmaqla yanaşı, müəyyən boşluqların aradan qaldırılmasına ciddi ehtiyac var. Məsələn, hərbi qulluqçulara müxtəlif kompensasiyaların verilməsi kimi. Əgər zabit və ya digər hərbi qulluqçular döyüş zonasında xidmət edirlərsə, ailələrindən ayrı yaşayırlarsa, əlavə xərclərə məcburdurlarsa, onlara xüsusi ödəmələr edilməlidir.Ezamiyyət zamanı bütün xərclər dövlət tərəfindən ödənilməlidir.
Ekspertlər xatırladırlar ki, zabitlərin pulsuz mənzillə təmin olunmaq hüququ var. Amma bu istiqamətdə də xeyli problemlər var . Əgər mənzil təminatı sahəsində problemlər varsa, onda hərbi qulluqçulara mənzil kirayəsi məqsədilə ayda 150-350 manat arasında vəsait verilməlidir. Bu məsələ Müdafiə Nazirliyi tərəfindən nizamlana bilər. Hərbi hissələrin rəhbərliyi zabitlər üçün kirayə ev tapıb, xərcləri ödəyə bilər.
Ekspertlər onu da vurğulayırlar ki, bütün bu acı reallıqlar fonunda hərbçilər düşdükləri vəziyyətlə razılaşırlar. Onlar susur və etiraz etmirlər, çünki təzyiqlərdən çəkinirlər. Zabitin pulunu kəsirlər, o da əsgərin cibinə göz dikməli olur. Büdcədən ayrılan ezamiyyə xərcləri hərbi qulluqçuların təlabatlarına cavab vermir.
Əlbəttə, Müdafiə Nazirliyinə bu cür ittihamlara qarşı tərəfin münasibətini təxmin etmək çətin deyil, yəqin ki, həmin cavab təkzibdən ibarət olacaqdır. Ancaq istər vətəndaşların müşahidələri, istərsə də hərbi ekspertlərin söyləmləri nazirlik rəhbərliyinin yuxarıda sadalan problemləri gizlətməkdənsə, həll etmək məcburiyyətində olduğunu göstərir. Əks halda mətbuatda Səfər Əbiyev və nazirliyi barədə təqdirəlayiq nə isə yazılması yuxu olaraq qalacaq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27