Ukraynanın Lutsk şəhərində avtobusda 20 nəfəri girov götürən şəxs Rusiya Respublikasının vətəndaşıdır.

Unikal.org xəbər verir ki, bu barədə Ukrayna DİN rəhbərinin müavini Anton Geraşenko bildirib.

Onun sözlərinə əsasən, həmin şəxsin adı Maksim Krivoşdur.

... 14:23

Lutskda 20 nəfəri girov götürən şəxs avtobusdan qumbara atıb. 

Unikal.org xəbər verir ki, bu barədə DİN rəhbərinin müavini Anton Geraşenko “112 Ukrayna”  kanalının efirində bildirib.

“Həmin şəxs özünü Maksim Ploxoy kimi təqdim edib. Lakin düşünürəm ki, bu, ləqəbdir. O, avtobusdan F-1-ə bənzəyən qumbara atıb. Lakin qumbara partlamayıb. Çünki tətiyi çəkilməmişdi.

Düşünürük ki, bu yolla o, döyüş silahına malik olduğunu və təhlükəli olduğunu demək istəyirdi”, - Geraşenko bildirib.

... 13:38

Ukraynada avtobusda 20 nəfəri girov götürən şəxs Lutsk şəhərində məkanların birində partlayıcı maddə yerləşdirdiyini bildirib.

Unikal.org xəbər verir ki, avtobusu ələ keçirməmişdən öncə, o, “Twitter”də paylaşım edərək, əməlini izah edib.

O, həmçinin hamını antisistem günü münasibətilə təbrik edib və bildirib ki, “birinci növbədə elə dövlətin özü terrorçudur”.

O tələb edir ki, məhkəmələr, nazirliklər, prokurorluq, parlament, kilsələrin rəhbərlikləri video yazaraq terrorçu olduqlarını etiraf etsinlər və çarxı “Youtube” şəbəkəsində yerləşdirsinlər.

*** 13:14

Ukraynanın Lutsk şəhərində naməlum şəxs avtobusda 20 nəfər sərnişini girov götürüb.

Unikal.org-un xəbərinə görə, bu barədə şəhərin polis idarəsinin “Facebook” səhifəsində məlumat yerləşdirilib.

Bildirilir ki, həmin şəxs partlayıcı və tapança ilə silahlanıb. Onun nə tələb etdiyi hələlik məlum deyil.

Vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə şəhərin mərkəzi küçələri bağlanıb.

Hazırda silahlı şəxsin kimliyi müəyyənləşdirilir.