ABŞ-ın müharibə istəyi...
13:12 07-12-2012
İQTİSADİYYAT
ABŞ-ın müharibə istəyi...
Yaxud Pentaqondakı islahatlar nəyə hesablanıb?
ABŞ-ın Müdafiə Nazirliyində aparılan islahatlar hərbi kəşfiyyatın yenidən qurulmasını, ilk növbədə isə xaricdəki casusların sayının əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur. Belə sistemli fəaliyyət müşahidəçilərin diqqətindən yayınmır. Onların bir çoxu məsələyə münasibət bildirərkən vurğulayır ki, görülən işlər müharibəyə hazırlıqdan xəbər verir. Məsələni necə dəyərləndirmək olar, yaxın gələcəkdə Birləşmiş Ştatlardan hansı tədbirləri gözləmək mümkündür, söhbətimiz bunlar barədə olacaq (168.az).
Nüfuzlu "Vaşinqton post" qəzeti yazır ki, Pentaqondakı islahatların nəticələri kifayət qədər hiss ediləcək şəkil alacaq. Nəşrin bildirdiyinə görə, hazırda qurumun xarici ölkələrdə 500 casusu var. Məhz bu sayı 1600-ə çatdırmaq nəzərdə tutulur. Beləliklə Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin (MNKİ) əməkdaşlarının sayı üç dəfədən artıq çoxalmış olacaq. Amma casusların sayı tədricən artırılacaq (1600 rəqəminə 2016-cı ildə çatılacaq). MNKİ-nin məxfi əməkdaşları xarici ölkələrdə biznesmenlər, alimlər və siyasətçilər kimi fəaliyyət göstərəcəklər.
Pentaqon təmsilçiləri həmçinin gələcəkdə MNKİ-nin iş prinsiplərini dəyişdirməyi, onun Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və ABŞ hərbi hava qüvvələrinin xüsusi əməliyyatlar üzrə komandanlığı ilə qarşılıqlı əlaqədə işləməsini təmin etməyi düşünürlər. "Vaşinqton post" bildirir ki, MNKİ-ni MKİ kimi siyasi aspetlər deyil, birbaşa hərbi məsələlər maraqlandıracaq. Hazırda Birləşmiş Ştatların qlobal beynəlxalq kursunun prioritetlərinə nəzər salsaq, belə qənaətə gəlmək mümkündür ki, yeni islahat Afrikada islam qruplaşmalarının yaranmasının, həmçinin İrana və Koreya Xalq Demokratik Respublikasına silah satışının izlənilməsinə yönələcək. Bununla yanaşı, Amerika kəşfiyyatının Çinin silahlanma səviyyəsi ilə də maraqlanacağı proqnozlaşdırılır.
Maraqlıdır ki, MNKİ-dəki dəyişikliklər sayəhə yeni maliyyə vəsaitlərinin ayrılması deyil, digər bölmə və şöbələrin ixtisara salınması hesabına gerçəkləşəcək. Məsələyə diqqət yetirən "Vaşinqton post" yazır ki, MKİ və MNKİ bir-birilə daha çox əlaqədə olacaqlar. Xaricdə onlar demək olar, eyni resurslardan və təchizat vasitələrindən yararlanacaqlar. Ümumənsə Pentaqonun kəşfiyyat idarəsinin imkanları MKİ-ninkindən bir neçə dəfə aşağı olacaq. MNKİ-nin cəsuslarına informasiyalar toplamaq səlahiyyətini aşan məsələn, gizli əməliyyatlar aparmaq izacəsi verilməyəcək.
ABŞ-ın kəşfiyyat sistemində mühüm dəyişikliklərin aparılmasını sıradan məsələ saymayan ekspertlərin fikrincə, ölkə xaricdə hərbi aktlara hazırlaşır. Geosiyasi Problemlər Akademiyasının vitse-prezidenti Konstantin Sivkovun məsələyə baxışı bundan ibarətdir ki, xarici kəşfiyyat casuslarının sayı bir qayda olaraq yad ərazilərdə iri miqyaslı hərbi əməliyyatlara hazırlıq dönəmində artır. Politoloqun sözlərinə görə, Pentaqonun kəşfiyyatı Afrika ölkələrində, həmçinin İranda və Əfqanıstanda kifayət qədər ciddi işlər görüb. İdarənin yenidən qurulması isə xarici siyasət məqsədlərinə çatma prosesini sürətləndirməyə hesablanıb. O hesab edir ki, geosiyasi müstəvidə baş verən son proseslər yeni müharibə ocağının alovlanacağından xəbər verir. Həmin ocağı alovlandıran qismində Birləşmiş Ştatların çıxış edəcəyi birmənalıdır. Hücum obyekti isə çox güman, İran olacaq. Yeri gəlmişkən, Rusiya rəhbərliyi Türkiyə-Suriya sərhəddində NATO-nun "Petriot" tipli raketlərinin yerləşdirilməsi məsələsindən söhbət açarkən, silahın heç də Suriyaya deyil, əslində İslam Respublikası üçün nəzərdə tutulduğu ehtimalı üzərində dayanır.
Ümumiyyətlə onu da deyək ki, ABŞ-ın İrana hücumu məsələsi artıq çoxdandır dünyanın gündəmindədir. Xarici kəşfiyyatın işinin gücləndirilməsi bu planın ciddiliyindən xəbər verən tutarlı məqam sayıla bilər. Müşahidəçilərin nəzərlərindən yayınmayan daha bir cəhət noyabrın 30-da Birləşmiş Ştatlar Senatının İrana qarşı növbəti sankisiyaları təsdiqləməsidir. Amerikalı konqresmenlər isə düşünürlər ki, İslam Respublikasına yönələn yeni iqtisadi və siyasi sanksiyalar İran hökumətini nüvə sahəsindəki təhqiqatlardan uzaqlaşdıracaq. Bunun nə dərəcədə belə olacağını söyləmək çətindir. Amma Birləşmiş Ştatlar administrasiyasının məsələyə ciddi önəm verdiyi dəqiqdir. Təsadüfi deyil ki, rəsmi Tehrana qarşı sanksiya sənədinin arxasındakı maliyyə vahidi ABŞ-ın bir illik müdafiə xərclərinin yarısına bərabərdir. Bu, kifayət qədər böyük məbləğ sayıla bilər və görünür, Vaşinqtonu İranın atom energetikası ilə bağlı işləri ciddi şəkildə təşvişə salıb. Tehran dairələri apardıqları təhqiqatların atomdan dinc məqsədlər üçün istifadəyə yönəldiyini dəfələrlə iddia etsələr də, ABŞ-da bunun yalnız bəhanə olduğunu düşünürlər.
Amerikanın hakimiyyət dairələrinin əksər üzvləri də İrana qarşı hərbi əməliyyatların başlanması haqqında düşünürlər. Elə Pentaqonun ekspertlərinin çoxu bildirir ki, ölkənin əsas hədəfləri İslam Respublikasının nüvə obyektləri olacaq. Yeri gəlmişkən, ötən prezident seçkisində Respublikaçılar Partiyasının namizədi olmuş Mitt Romni demişdi ki, əgər dövlət başçısı seçilsə, əsas işi İrana qarşı gedikmiş olan hərbi əməliyyatları başlamaq olacaq. Doğrudur, Barak Obama tərəfdarları bu deyimi guya Romninin ekspansionist xarakterli olmasına dair fikirlərlə heçə endirdilər. Amma görünən bu idi ki, hətta respublikaçı namizədə də İran əməliyyatının gec-tez baş verəcəyi aydındır və o, hərbi kampaniyanın yalnız tezləşdirilməsini irəli sürməklə divident qazanmağa çalışırdı. Lakin Romnidən fərqli olaraq Obama administrasiyası İrandan gələ biləcək təhlükələri də götür-qoy edir və belə təəssürat yaranır ki, Vaşinqton uğurunu tam təminat altına almadığı işə qol qoymaq istəmir.
Təminat isə konkret tədbirlərlə, o cümlədən haqqında danışdığımız xaricdəki hərbi kəşfiyyat imkanlarını artırmaqla gerçəkləşdirilir.
Məsələ üzərində bir qədər də ətraflı dayanaq: Pentaqonun mütəxəssisləri və analitiklərinin bu günlərdə aparmış olduqları tədqiqatların nəticələri göstərib ki, hazırkı vəziyyətdə İrana hücum lazımi faydanı verməyəcək. Bu mənada ABŞ ordusunun ehtiyatda olan general-leytenantı Frenk Kirninin düşüncələri maraq doğurmaqdadır. Hazırda hərbi ekspert kimi fəaliyyət göstərən keçmiş hərbi vəzifə sahibinin sözlərinə görə, hətta Tehranın nüvə obyektlərinə hücumun da xeyri olmayacaq. Tədbir İslam Respublikasının başlatdığı prosesdə yalnız müəyyən fasilələr yaradacaq. Nüvə sahəsindəki təhqiqatlar cəmi bir neçə il geriyə atılacaq. Ölkənin gücünü məhv etmək mümkünsüzdür. Çünki mövcud sahədəki intellektual ehtiyatın kökünü kəsmək olduqca müşkildir.
Generalın toxunduğu növbəti maraqlı məqam budur ki, ABŞ-ın İrana intervensiyası İslam Respublikasındakı rejimi dəyişməyəcək. Əksinə iranlılar nüvə silahını hazırlamaq üçün əlavə stimul əldə edəcəklər və "həddən artıq hiddət içərisində olsalar, inanın ki, Tehranın atom bombasının ilk sınağı ABŞ-ın üzərində həyata keçiriləcək".
F.Kirninin diqqət yetirdiyi daha bir maraqlı aspekt müsəlman dünyasında Birləşmiş Ştatlara qarşı mənfi münasibətin faiz dərəcəsinin əvvəlki illərdə olduğundan daha böyük olmasıdır. Buna görə də İrana hücum dünyanın başqa yerlərindəki müsəlmanların da Birləşmiş
Ştatlara münasibətdə sərt addımlara əl atmasına gətirə bilər.
Pentaqonda isə məsələ ilə bağlı bu qənaətdədirlər ki, əgər İran hərbi əməliyyatlar gedişində ciddi itkilər versə də, onun sonrakı hərəkət trayektoriyasını, ən əsası isə ABŞ üçün təhlükəlilik dərəcəsini müəyyənləşdirmək mümkünsüzə çevriləcək. Ehtimal edilən bütün mənfi perspektivlərdən qaçmaq üçün öncədən İranın üçdə birini nəzarət altına almaq lazımdır. Bu da öz növbəsində ciddi hazırlıqlar tələb edir ki, həmin hazırlıq məsələlərində yalnız kəşfiyyatın imkanlarına arxalanmaq lazımdır. Bir sıra ekspertlər məhz mövcud amilə dayanaraq MNKİ-nin yenidən qurulmasının vacibliyini əsaslandırırlar. Hər bir halda Pentaqondakı islahatlar İrana qarşı müharibəyə doğru atılan addımlardan biri kimi dəyərləndirilir.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00