Bakıda insan alveri müzakirə edildi
13:16 07-12-2012
CƏMİYYƏT
Bakıda insan alveri müzakirə edildi
Səadət Bənənyarlı: "Qadın alverinə şərait yaradan sosial-iqtisadi amillər aradan qaldırılmalıdır"
Dünən Bakıda ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə İnsan Alverinə və Məcburi Əməyə qarşı Mübarizə Sahəsində Əməkdaşlığın Gücləndirilməsinə dair Beynəlxalq Konfrans keçirilib.
Konfransda çıxış edən ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay deyib ki, insan alveri müasir dövrümüzün köləliyidir.
Koray Tarqay bildirib ki, qadınların seksual məqsədlə istismarı, uşaq əməyindən istifadəyə qarşı həssas olmaq lazımdır. Onun sözlərinə görə, insan alveri ilə ən səmərəli mübarizə beynəlxalq əməkdaşlıq yolu ilə mümkündür. Koray Tarqay ATƏT-in insan alverinə qarşı mübarizəyə xüsusi önəm verdiyini vurğulayıb: "Azərbaycan bu problemlə effektiv mübarizə aparır və ATƏT bu sahədə Azərbaycana yardımçı olur".
ATƏT-in İnsan alverinə qarşı mübarizə üzrə xüsusi təmsilçisi Astrid Ganterer qeyd edib ki, cinayətkar qruplaşmalar dünyada insan alverindən hər il təxminən 32 milyard dollar gəlir əldə edirlər: "Əgər qurban yüksək pul ödəyib, xarici ölkəyə gedərsə və orada istismara məruz qalarsa, bu da insan alveri sayılmalıdır. İnsan alveri qeyri-qanuni miqrasiyadan ayrılmalıdır. Fiziki zorakılıq halları baş verirsə, buna insan alveri kimi baxırıq".
Astrid Ganterer çoxlu sayda insanların aşağı əmək haqqı ilə istismar olunduğunu söyləyib: "İnsan alveri çox proqressiv formalara keçib. Ona görə də insan alveri məsələsini çox geniş spektrdə müzakirə etməliyik. Bu həm də miqrasiya məsələləri ilə çox əlaqəlidir. Sadəcə, insan alveri ilə mübarizəni qeyri-qanuni miqrasiya ilə qarışdırmaq lazım deyil. Qeyri-qanuni miqrantların ölkədən dərhal deportasiyası baş verərsə, istismar halı müəyyənləşdirilməzsə, o halda insan alveri məsələsi gizli qalır. Qeyri-effektiv miqrasiya insan alverinə şərait yaradır".
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib ki, insan alverinə qarşı mübarizə ABŞ üçün prioritetdir. Onun sözlərinə görə, tək xarici ölkələrin vətəndaşları deyil, həmin ölkənin vətəndaşları - məcburi ev qulluqçuları, inşaat, kənd təsərrüfatı sahəsində çalışanlar insan alveri qurbanları ola bilərlər: "21 milyon insan məcburi əməyin, seksual istismarın qurbanıdır. Bunların 2 milyon nəfəri Mərkəzi, Şərqi Avropada və MDB ölkələrində insan alveri qurbanlarıdır. Digər tərəfdən, Beynəlxalq Əmək Təşkilatı bu gün dünyada məcburi əməyə 14,2 milyon insanın cəlb olunduğunu açıqlayıb. Bu, məcburi seksual qurbanlarından 3 dəfə çoxdur. Bu, aysberqin görünən hissəsi ola bilər. Məsələn, ev qulluqçuları bir çox ölkələrdə istismara məruz qalır. Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, 110 milyon nəfər ev qulluqçusu var. Ölkələr ev qulluqçuları ilə bağlı məsələyə həssas yanaşmalıdırlar".
Riçard Morninqstar ABŞ-ın insan alverinə qarşı mübarizə sahəsində ölkələrin fəaliyyətini qiymətləndirərkən standartlardan istifadə etdiyini bildirib: "Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, general Vilayət Eyvazov, insan alveri ilə bağlı əməkdaşlığa xüsusi önəm verir. ABŞ potensial qurbanlara yardım etməyə çalışır. Bu problemin həllinə regional yanaşma lazımdır və bu məsələyə münasibətinə görə ATƏT-ə təşəkkür edirəm. Azərbaycana da belə konfransın keçirilməsinə görə təşəkkür edirəm. Qloballaşmanın geniş yayıldığı bir dünyada insan alverçilərinin də fəaliyyəti asanlaşıb. Transmilli cinayətkarlığa qarşı mübarizə aparmaq üçün biz də birgə işləməliyik".
Beynəlxalq İnsan Hüquqları Komitəsinin Azərbaycan milli bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı "Unikal"a bildirdiyinə görə, "Hazırda Azərbaycanda insan alveri və məcburi əməyə qarşı mübarizənin səviyyəsi kifayət qədər deyil. Bu yöndə dövlət strukturları və vətəndaş cəmiyyəti qurumları bir sıra addımlar atsalar da, vəziyyət qənaətbəxş deyil. Fikrimcə, bunun başlıca səbəbi əhalinin maarifləndirilməsində yol verilən boşluqlardır. Yəni əməkqabiliyyətli insanlarımız özlərinin əmək hüquqlarını yaxşı bilmirlər. İşə götürənlər isə onları işə qəbul edəndə əmək müqaviləsi bağlamaqdan yan keçməyi bacarırlar. Nəticədə işçinin bir sıra hüquqları tapdalanır, onun əməyi istismar edilir. Yerli şirkətlərdən heç biri işçilərlə əmək müqaviləsi bağlamır. Yalnız ölkədə fəaliyyət göstərən xarici şirkətlər buna əməl edir".
Səadət Bənənyarlının sözlərinə görə, "Ölkədə qadın alverinin qarşısının alınması üçün dövlət qurumları bir çox effektli tədbirlər gerçəkləşdiriblər və bu, indi də davam etməkdədir. Bununla belə, düşünürəm ki, qadın alverinə şərait yaradan sosial-iqtisadi amillərin də aradan qaldırılması istiqamətində paralel iş aparılmalıdır. Yəni nəticələrlə bərabər bu nəticələri doğuran səbəblərin profilaktikası diqqətdə saxlanmalıdır".
Şakir
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27